Nikbin proqnozlar vəd edən BÜDCƏ - TƏHLİL

Nikbin proqnozlar vəd edən BÜDCƏ - TƏHLİL

İndi real vəziyyət ondan ibarətdir ki, büdcə müzakirələri ilə bağlı əhalinin gözləntiləri daha çox sosial məsələlərlə bağlıdır və təbii ki, bu da anlaşılandır. Məhz büdcə müzakirələrində də sosial məsələlərin ön planda olması əbəs yerə deyil. Göründüyü kimi, büdcə məsələlərində sosial paketin olması təsdiq edir ki, gözləntilər özünü döğruldur. Əlbəttə ki, təqaüdlərin və minimum əmək haqlarının artırılması deyilənləri təsdiqləyir.

Minimum əmək haqqı - iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə əməyə və xidmətə görə verilən aylıq ən aşağı əmək haqqı məbləğidir və diqqətə çatdıraq ki, müqavilə əsasında muzdlu əməyin bütün növlərinə görə əmək haqqları məhz buna əsasən hesablanır. Nəzərə almaq lazımdır ki, iqtisadiyyatda həm dövlət, həm özəl sektorlarda aylıq ödənişlərin yüksəlməsinə səbəb minimum əmək haqqının artırılmasıdır. Məhz bu baxımdan da gələn il 19 pilləlik Vahid Tarif Cədvəlinə əsasən, bütün maaşlar artırılacaq. Əlbəttə ki, sadalananlar dövlət sektoruna aiddir.

Bildiyimiz kimi, bu zaman qədər minimum əmək haqqı bir neçə dəfə artırılıb və biz bunun müxtəlif illərdə şahidi olmuşuq. Xatırladığımız kimi, 2006-cı ilin oktyabrında 30 manat olan həmin göstərici mərhələli şəkildə bir neçə dəfə artırıldı. Yəni, həmin ildən sonra biz 11 dəfə artım müşahidə etmişik. Bunun da nəticəsi olaraq artıq iki iıdən çoxdur ki, ölkəmizdə minimum əmək haqqı 250 manat səviyyəsində qeydə alınıb. Bütün bu addımlar da təbii ki, əhalinin sosial müdafiəsini gücləndirmək, gəlirlərini artırmaq məqsədi daşıyıb və daşımaqdadır. Qeyd etdiyimiz kimi, məhz əhalinin sosial müdafiəsini gücləndirmək, gəlirlərini artırmaq üçün məsələn, 2019-cu ildə iki dəfə, mart və sentyabr aylarında əməkhaqları, pensiya, sosial müavinət və təqaüdlərin artımını nəzərdə tutan 2 sosial paket icra edildi. Bununla da ölkəmizdə minimum əməkhaqqı 130 manatdan 250 manata yüksəldi. Diqqətə çatdıraq ki, bununla da ilk dəfə olaraq müəyyən edilmiş yaşayış minimumu göstəricisi həddindən yuxarı göstəriciyə nail olundu və bu minimum əmək haqqı artımı ümumilikdə, 600 min insanın, ayrı-ayrılıqda isə, dövlət sektorunda çalışan 450 min, özəl sektorda çalışan 150 min nəfərin gəlir səviyyəsinə əhəmiyyətli dərəcədə təsir etdi.

Qarşıdan gələn ildə də minimum əməkhaqqı artımı təxminən 674 min nəfərin aylıq gəlirlərinə təsir edəcək. Təbii ki, minimum əmək haqqı səviyyəsi yaşayış minimumdan yüksək olmaqla yanaşı, ölkə üzrə 1 nəfərə düşən aylıq minimum istehlak səbətinin dəyərini, həmçinin ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını da təşkil etməlidir. Yaşayış minimumu isə, sözsüz ki, minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma sayılır və bu baxımdan, istər sosial yardımların, istər ehtiyac meyarının, istərsə də dolayısı ilə minimum əmək haqqının formalaşmasına təsir edən əsas amillərdən biri məhz istehlak səbəti hesab olunur.

Əhalinin alıcılıq qabiliyyəti, yəni istehlak səbəti ilə bağlı məsələlər heç də təkcə ölkəmizə aid məsələr deyil. Qiymət artımı, məhsulların qiymətlərində olan artımlar bütün dünyada müşahidə olunandır. Bilirik ki, pandemiya ilə əlaqədar olaraq iqtisadi fəallıq bütün dünyada aşağı düşüb. Məhsul istehsalı, həmçinn təminatı heç də pandemiyadan əvvəlki dövrdə olduğu kimi deyil və əhəmiyyətli dərəcədə aşağıdır. Bu da tələb və təklif arasında balansın pozulmasına, nəticə etibarı ilə bahalaşmalara səbəb olur. Çünki, tələb təklifdən yüksək olduğu təqdirdə məhsul qıtlığı və müvafiq olaraq bahalaşma müşahidə olunur. Bu baxımdan bütün dünyada pandemiya ilə əlaqədar məhsul istehsalında azalmalar, nəticədə isə bahalaşma təbii proses olaraq qəbul edilir. Sözsüz ki, həmin proseslərin ölkəmizə təsiri də danılmazdır. Əsas məsələ bu prosesdə vətəndaşların sosial vəziyyətinin nəzərə alınmasıdır və göründüyü kimi gələn ilin büdcə məsələlərndə buna kifayət qədər diqqət edilib.

Nəzərə çatdırmaq yerinə düşər ki, dövlət büdcəsi layihəsi ölkə qarşısında olan hədəflərə çatmaq və yaranacaq çağırışlara cavab vermək üçün dövlətin lazımi maliyyə imkanı yaratmasıdır. Bu baxımdan 2022-ci il Dövlət Büdcəsi layihəsi uğurlu lahiyə hesab olunur. Çünki, növbəti ilin büdcə layihəsi həqiqətən də bir çox sahələri əhatı edir və ən aktual çağırışlara da cavab verəcəyinə zərrə qədər şübhə yoxdur.

Heç şübhəsiz ki, 2022-ci ildə dövlət büdcəsi xərclərinin ölkəmizin müstəqillik tarixində ən böyük həcmdə olması təsadüfi deyil. Üzümüzə gələn ildə dövlət büdcəsi xərclərinin 30 milyard manata yaxın olması həm büdcə gəlirlərinin artması, eləcə də 2021-ci ilin yekunlarının iqtisadi baxımdan pozitiv olması ilə bağlıdır. Ələlxüsus, 2021-ci ildə həm neft, həm də qeyri-neft sektorundan dövlət büdcəsinə proqnozlaşdırılandan daha çox vəsait daxil olması 2022-ci ildə dövlət büdcəsinin gəlirlərini daha çox proqnozlaşdırmağa imkan verir. Bir sözlə, əldə olunan yüksək iqtisadi nəticələr növbəti ilin büdcəsinin daha da artıq olmasına zəmin yaradıb və 2021-ci ilin yekunları 2022-ci il üçün xüsusi maliyyə bazası formalaşdırıb.

Nəzərə alsaq ki, 2021-ci ildə proqnozlaşdırılandan daha çox vəsaitin toplanması növbəti il, 2022-ci il üçün daha böyük büdcə layihəsinə zəmin yaradıb, deməli bundan sonrakı illər üçün daha nikbin proqnozlar vermək olar. Əgər 2021-ci ilin uğurlu yekunları 2022-ci ilin büdcəsinə müsbət təsir edibsə, deməli analoji olaraq, daha çox büdcə ilə başlayacaq 2022-ci ilin yekunları da daha ürəkaçan olacaq ki, bu da növbəti illər üçün büdcənin daha böyük olacağından xəbər verir.

Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, növbəti ilin büdcə layihəsi hazırlanarkən işğaldan azad olunmuş ərazilərimiz də diqqətdən yayınmayıb və sözsüz ki, nəzərə alınıb. Doğrudur, işğaldan azad olunan həmin o ərazilərin, ermənilər tərəfindən darmadağın edilən yaşayış məntəqələrinin yenidən qurulması, abadlaşdırılması, yaşayış üçün əlverişli şərait qurulması istiqamətində görüləcək işlər, infrastrukturun yaradılması, quruculuq-abadlıq işləri ön planda durur. Bununla yanaşı, onu da nəzərə almaq lazımdır ki, bütün bu sadalananların fonunda həmin ərazilərdə əkin sahələrinin, kənd təsərrüfatı üçün yararlı sahələrin yenidən canlandırılması da prioritet məsələlərdəndir. Çünki, az qala 30 ilə yaxın müddətdə istifadə olunmayan torpaqlar indi əlavə olaraq yeni əkin sahələri kimi istifadə ediləcək və təbii ki, bunun da məhsul istehsalının artırılması, gəlir əldə edilməsi, büdcəyə əlavə vəsaitlərin daxil olması baxımından təkzib edilməsi mümkünsüzdür. Hər bir halda həmin o işğldan azad olunan ərazilər, minalardan təmizləndikdən, kənd təsərrüfatı üçün yararlı vəziyyətə gətirildikdən sonra istifadə olunacaq və bu da öz müsbət nəticələrini verəcək. Həm işsizliyin aradan qaldırılması, həm məhsul bolluğu, həm də əlavə gəlirlərin, büdcə gəlirlərinin artması baxımından qeyd edilənlər öz müsbət nəticələrini tez bir zamanda ortaya qoyacaq.

Göründüyü kimi, gələn ilin büdcəsi məhz nikbin proqramlar vəd edən büdcədir. Hər mənada gələn ilin büdcəsindən gözləntilər çox böyükdür və nikbindir. Çünki, gələn ilin büdcəsi sonrakı illər üçün də daha geniş spektrda imkanlar açır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə