“Qarabağın iqtisadi potensialı investisiya axınına yüksək təsir göstərir” İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

“İlk öncə qeyd etmək lazımdır ki, Azərbaycanda investorları cəlb edən müəyyən istiqamətlər vardır. Bunlardan birincisi ölkədə siyası sabitliyin olmasıdır. Belə ki, ölkədə siyasi sabitlik pozulduğu zaman investorlar bu ölkəyə investisiya qoymağı özləri üçün risk hesab edirlər. Digər tərəfdən ölkənin yüksək iqtisadi potensialı investorlar üçün maraq kəsb edən məqamdır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı-ekspert, UNEC Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi Aslan Əzimzadə deyib.

İqtisadçı-ekspertin sözlərinə görə, həmçinin qeyd etmək lazımdır ki, bu gün Azərbaycan investorların hüquqlarının qorunması haqqında hüquqi bazanın olması da investisiya cəlb ediciliyini artıran başlıca faktorlardandır.

“İşğaldan azad edilmiş rayonlarımıza xarici investorlar tərəfindən xüsusi bir maraq vardır. Qarabağın yüksək iqtisadi potensialı investisiya axınına yüksək səviyyədə təsir göstərməkdədir. Biz bu gün Qarabağda aparılan yenidən qurma və bərpa işlərində xarici şirkətlərin də iştirakını görürük. Qeyd etmək lazımdır ki, ölkələrin iqtisadi inkişafını təmin edən başlıca faktor investisiyadır. İnvestisiya isə o zaman faydalı olur ki, o birbaşa olsun və özü ilə texnologiya transfer etsin.

Qarabağda kənd təsərrüfatı potensialı da yüksəkdir. Lakin burada qeyd olunası əsas məqam, kənd təsərrüfatında məhsulun yeni innovativ yollarla istehsalıdır. Biotexnologiya, nanotexnologiya və gen mühəndisliyinin tətbiqi ilə daha yüksək məhsuldarlıq əldə etmək mümkündür. Bu texnologiyaların ölkəyə investisiya vasitəsilə gəlməsi olduqca önəmlidir.

Həmçinin qeyd etmək lazımdır ki, xarici ölkələrin Qarabağa investisiya qoyması istəyi həm də bu ölkələrin müəyyən mənada Azərbaycanın haqq işinə dəstək verməsi deməkdir. Bütövlükdə deyə bilərik ki, Qarabağda yenidən qurma və bərpa işləri müstəvisində baş tutan xarici investisiya axını ölkəyə ciddi iqtisadi dividendlər gətirəcəkdir”, deyə Aslan Əzimzadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə