"Qubadlının turizm potensialı kifayət qədər yüksək qiymətləndirilir" - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

"Qubadlı rayonu 1993-cü il erməni işğalınadək 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsinə malik olub. 27 illik işğal müddətində rayon ermənilər tərəfindən xarabalığa çevrilib, əmlakı məhv edilib və talanıb. 13,2 min hektar meşə sahəsi də işğal müddətində ermənilər tərəfindən ekoloji soyqırıma məruz qalıb". Bunu SİA-ya açıqlamasında deputat, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, işğaldan azad olunan digər rayonlarımız kimi Qubadlı rayonu da böyük iqtisadi potensiala malikdir: "İşğala qədər Qubadlı rayonunda əsasən kənd təsərrüfatı inkişaf etmişdir. Rayonda əsasən taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi. Belə ki, Qubadlı rayonunda ildə 15 min tona yaxın taxıl məhsulları,12 min tona yaxın yem, orta hesabla 2 min ton tütün, 3 min ton üzüm, 1,2 min tonadək ət və 2 min tona qədər süd məhsulları istehsal olunurdu.

Qubadlı rayonunda təbii ehtiyatların da həcminin çox olması sənayenin inkişafı üçün yeni imkanlar yaradır. Bu baxımdan, yenidən qurulacaq Qubadlı rayonunda sənaye məhsullarının da istehsal olunacağı gözlənilir. Şərqi Zəngəzurun digər rayonları kimi Qubadlının da turizm potensialı kifayət qədər yüksək qiymətləndirilir. Xüsusən turizm imkanları böyükdür. İşğaldan azad olunan digər rayonlarımız kimi Qubadlı rayonu da bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Həyat və gülüşün Şərqi Zəngəzurun bu hissəsinə qayıdacağı gün də uzaqda deyil".

Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...