“Aqrar sektorun inkişafına böyük önəm verilir” - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

"Ölkəmizdə qeyri-neft sektorunun inkişafı bu gün həyati tələbata çevrilibdir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, neftdən asılılığın aradan qaldırılması yeni istehsal sahələrinin yaradılmasını, xüsusilə, emal müəssisələrinin sayının artırılmasını, müasir texnologiyaların işə tətbiqini, yeni iş yerlərinin açılmasını zərurətə çevirir və dövlət bu istiqamətdə mühüm tədbirlər həyata keçirməkdədir.

“Aqrar sektorun inkişafına böyük önəm verilir. Belə ki, Regionların Sosial-İqtisadi İnkişafına Dair Dövlət Proqramlarının uğurla həyata keçirilməsi kənd təsərrüfatının inkişafına yeni imkanlar yaradıbdır. Dövlət qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının başlıca rol oynadığını nəzərə alaraq, ildən-ilə bu sahəyə diqqəti daha da artırmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aqrar sahədə əldə olunan nailiyyətlətə münasibətini bildirərkən deyir: “Aqrar sahənin iqtisadiyyatı növbəti illərdə də prioritet olaraq qalacaq və kənd təsərrüfatında islahatlar daha da dərinləşəcəkdir”.

İndi işlər bu istiqamətdə davam etdirilir. Yeni aqrar parkların, sənaye, emal müəssisələrinin yaradılması, sahibkarlığa dəstək, müasir maşın mexanizmlərinin alınıb gətirilməsi son illər aqrar sektorda həqiqətən də əsaslı dönüş yaradıbdır. Keçən ilin çətinliklərinə, müharibənin və pandemiyanın doğurduğu problemlərə baxmayaraq pambıqçılıqda, üzümçülükdə, heyvandarlıqda, tərəvəzçilikdə və digər sahələrdə yaxşı nəticələr qazanılıbdır.

Bu ilin 6 ayının nəticələri də uğurludur. Beləki, keçən ilin müvafiq dövrü ilə müqaisədə kənd təsərrüfatı istehsalında 5 faiz artım əldə edilibdir. Heyvandarlıqda artım 2,6 faiz, bitgiçilikdə 7,3 faiz olubdur. Diri çəkidə ət istehsalı 3,2 faiz, süd istehsalı 1,6 faiz artıbdır. Yanvar-avqust ayı ərzində kənd təsərrüfatında ümumi məhsulların faktiki qiymətlərlə dəyəri 6 milyard 105,2 milyon manat təşkil edibdir ki, bu da əvvəlki dövrdəkindən yüksəkdir.

Dövlətimizin rəhbərinin bildirdiyi kimi, aqrar sektor iqtisadiyyatın prioritet sahəsidir və torpaqlarımızın işğaldan azad olunması, kənd təsərrüfatının inkişafı üçün böyük potensiala malik olan ərzailərimizin istifadəyə verilməsi ölkədə bu sahənin sürətlə inkişafına sözsüz ki, yeni təkan verəcəkdir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə