“Azərbaycan qazı Avropadakı bahalaşma fonunda xüsusi əhəmiyyət qazanır”

ABŞ-ın Bakıdakı səfiri Erla Litzenbergerin sözlərinə görə, Azərbaycanın dayanıqlı enerji infrastrukturu, xüsusən də Cənub Qaz Dəhlizi meqayihəsi Azərbaycanı ABŞ-ın bir çox müttəfiqi və tərəfdaşı üçün enerji təhlükəsizliyi baxımından vacib tərəfdaş halına gətirir.

“Caspian News”-un qeyd etdiyi kimi, səfir Cənub Qaz Dəhlizi kəməri ilə mavi yanacağın tədarükünün uzun illər Avropanın enerji təhlükəsizliyini qoruyacağını vurğulayıb.

“Azərbaycanın enerji sektoru ölkə və Avropa enerji təhlükəsizliyi üçün əhəmiyyətli bir faktordur”.

Bildirək ki, amerikalı səfir bu fikirləri ADA Universitetində regional enerji təhlükəsizliyi mövzusunda keçirilən simpozium zamanı bildirib.

“ABŞ-ın Cənub Qaz Dəhlizinə dəstəyini və Azərbaycanın yeni Avropa bazarlarına tədarükü genişləndirmək səylərini bir daha təsdiqləyirəm” deyən Litzenberger Avropada təbii qazın qiymətlərinin artması fonunda öz mövqeyini də səsləndirib. Onun fikrincə, avropalı istehlakçılar son həftələrdə rekord həddə çatan qaz qiymətlərindən şoka düşüblər.

Qeyd edək ki, bu gün təbii qazın isitmə və elektrik enerjisi istehsalı üçün istifadə edilməsi səbəbindən Avropadakı gərginliyi artıra bilər. Əslində isə bu gərginlik artıq müşahidə edilməkdədir. Bu gün avropalı istehlakçılar əmindirlər ki, soyuq havalar səbəbindən istehlakçı tələbatının artdığı qışda qiymətlərin artması qaz və elektrik tariflərini də artıracaq.

...Xatırladaq ki, Xəzər dənizinin dibində yerləşən təbii qaz uzun müddətdir Avropaya yeni tədarük mənbələrindən biri hesab olunur. Məhz buna görə 2011 -ci ildə Avropa İttifaqı və Azərbaycan Xəzər dənizindən qazın birbaşa Avropaya gedəcəyi yeni marşrut - Cənub Qaz Dəhlizini qurmaq üçün qüvvələrini birləşdirdilər. 2012 -ci ildə Avropa İttifaqı ölkələrindən başqa Türkiyə də Cənub Qaz Dəhlizi vasitəsilə tədarük edilən Xəzər qazının alıcısı oldu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...