Parlament Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə əlavə və dəyişikliləri təsdiq edib
Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" və "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanun layihələri millət vəkilləri tərəfindən müzakirə olunaraq təsdiqlənib. SİA-nın məlumatına görə, müzakirələrə qatılan millət vəkili Tahir Rzayev cari ilin büdcəsinə əlavə və dəyişikliklər barədə danışıb. O, qeyd edib ki, 2011-ci il dövlət büdcəsinin artırılaraq təxminən 15 milyarda çatdırılması ciddi hadisədir: "Büdcəyə olan artım insanların bölgələrdə möhkəmlənməsinə, sahibkarlığın inkişafına şərait yaradacaq.
Daha sonra söz alan millət vəkili Elmira Axundova bildirib ki, bu gün ölkədə zabitlərin, həkimlərin və müəllimlərin maaşları aşağıdır və yaxşı olardı ki, büdcəyə olan dəyişikliklərdə onların məvacibləri artsın: "İcra hakimiyyəti orqanlarında işləyənlərin də əmək haqqları çox aşağıdır. Burada aşağı vəzifə tutanların maaşları 150- 170 manatdan artıq olmur"
O, qeyd edib ki, Azərbaycan gənclərinin xaricdə oxuyub gəlməsi üçün milyonlarla vəsait ayırır: "Həmin gənclərə də bu gün ölkədə dövlət orqanlarında aylıq məvacibi 200- 250 manat civarında olan iş təklif edirlər. Bununla nəinki ailə saxlamaq, heç özlərini dolandıra bilmirlər. Yuxarı çinli dövlət məmurları ilə aşağı vəzifəli dövlət məmurlarının maaşları arasında böyük fərq var. Hesab edirəm ki, bu dəyişikliklərlə bu fərq aradan qaldırılmalıdır"-deyə, millət vəkili bildirib. Deputat təklif edib ki, gənclərin şəhərə axınının qarşısı alınması üçün bölgələrdə peşə məktəblərinin fəaliyyəti bərpa olunmalıdır.
Müzakirələrin davamında deputat Aydın Mirzəzadə deyib ki, ötən il dünyada iqtisadi böhranlara baxmayaraq Azərbaycanın öz daxili resurslarına söykənən büdcə qəbul edib və onu yerinə yetirib. Onun fikrincə bu yüksək göstəricidir. "Azərbaycanın 2011-ci il büdcəsinə edilən artım 4,8 milyard dollardır. Bu rəqəm Gürcüstanın 4 milyard, Ermənistanın 2 milyardlıq büdcəsindən artıqdır. Bu da o deməkdir ki, Azərbaycanın təkcə artım büdcəsi bu ölkələrin ümumi büdcəsindən artıqdır. Ümid edirəm ki, bu il olduğu kimi büdcədən maliyyələşən təşkilatların məvacibi bundan sonra da artacaq.
Deputatların geniş müzakirəsindən sonra Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi 93 səs çoxluğu ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanun isə 97 səs çoxluğu qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB