“Azərbaycan” gəmi-bərəsi ilk dəfə Türkmənbaşı limanında

Türkmənistanın Türkmənbaşı limanına ilk dəfə yan alan “Azərbaycan” Ro-Pax gəmi-bərəsinin milli adət-ənənələrə uyğun qarşılanma mərasimi olub. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-dən (ASCO) SİA-ya bildirilib ki, türkmənistanlı qardaşlarımız ASCO dənizçilərinə yeni gəminin istismarı münasibətilə xeyir-dua verib və uğurlu səfərlər arzulayıblar.

Öz növbəsində gəmi heyəti də bu isti qarşılanmaya görə türkmənistanlı qardaşlarımıza təşəkkür ediblər. Xatırladaq ki, gəminin ilk səfəri mayın 7-də Qazaxıstanın Kurık limanına olmuşdu.

Qeyd edək ki, “Azərbaycan” ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan Ro-Pax tipli ilk gəmi-bərədir. Müasir standartlara uyğun inşa olunan gəmi bu ilin martında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istismara verilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə