"Dövlət bu siyasətini uğurla həyata keçirir" DEPUTAT İZAH ETDİ

"Dövlət bu siyasətini uğurla həyata keçirir" DEPUTAT İZAH ETDİ

"Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 29 aprel 2021-ci il tarixdə “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” imzaladığı Sərəncam onu göstərir ki Azərbaycanda müharibə iştirakçılarına dövlət qayğısı yüksək səviyyədədir". Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Deputatın sözlərinə görə, sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək: "Nəzərdə tutulmuş ödənişlərin yerinə yetirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan 4,8 milyon manat vəsait ayrılacaq. Bu bir daha göstərir ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın sosial vəziyyətinin daima yaxşılaşdırılması durur və dövlət bu siyasətini uğurla həyata keçirir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə