Azərbaycan və Niderlandın iş adamları arasında işgüzar görüş keçirilib - TƏDBİR
Niderlandın kənd təsərrüfatı şirkətlərindən ibarət Ticarət Missiyasının Azərbaycana səfəri çərçivəsində bu gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Niderland İşgüzar Görüşü keçirilib.
SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan və Niderland tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi sahələrini təmsil edən 80-ə yaxın iş adamı iştirak edib.
Tədbirdə çıxış edən AZPROMO-nun prezidenti Adil Məmmədov iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti barədə məlumat verib, əlaqələrin inkişafında biznes forumların, işgüzar görüşlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycanın kənd təsərrüfatı və ərzaq sənayesi sektorlarında investisiya qoyuluşu üçün geniş imkanlar var və Niderlanddan olan iş adamları ölkəmizdə yaradılmış əlverişli biznes mühitindən yararlanmaqla fəaliyyətlərini genişləndirə və yeni biznes qura bilərlər.
Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Aryen Uyterlind ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi imkanları, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti barədə məlumat verib.
Niderland ticarət missiyasının rəhbəri, "The Friesian" süd məhsulları istehsalı şirkətinin baş direktoru Sibren van der Zvaaq çıxışında missiyanın məqsədi və nümayəndə heyətinə daxil olan şirkətlər barədə danışıb.
Tədbir çərçivəsində həmçinin, Niderland şirkətlərinin təqdimatı və iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
Səfər çərçivəsində Niderland ticarət missiyası bir sıra Azərbaycan şirkətlərini və "WorldFood Azerbaijan 2011" 17-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisini ziyarət ediblər.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB