Erməni mənbələri ölkə iqtisadiyyatının son bir ildə 7,5 faiz itkilərlə üzləşdiyini bildirir. Mənbə 2020-ci ilin ikinci rübündən bəri Ermənistanın hələ də tənəzzül içində çapaladığını etiraf edir. Təkcə bu ilin ilk iki ayının nəticələri ötən ilin eyni dövrü ilə müqayisədə mənfi 6,7 faizdir.
SİA erməni mənbələrinə istinad edir.
Təbii ki, bunun bəzi nüanslarını dünyadakı koronavirusla da əlaqələndirmək olar. Lakin müşahidələr bunun təkcə koronavirusla əlaqələndirməyin düzgün olmadığını göstərir. Məsələ bundadır ki, bunu, hazırda ölkədə elə də bir güclü istehsal sahəsinin olmadığına istinad edən erməni iqtisadçıları da etiraf edirlər.
Maraqlıdır ki, hazırda ölkə iqtisadiyyatının vəziyyətinə məsul olan yüksək vəzifəli erməni məmurlarının “əldə edilən müəyyən müvəffəqiyyətlər” barədə dedikləri adama gülünc görünür.
Məsələn, bu yaxınlarda Ermənistanın Dövlət Gəlir Komitəsinin sədri Edvard Ovannisyan hökumət iclasında, daha sonra isə yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında xeyli öyünüb. O, ölkədə vergi gəlirlərinin həddindən artıq yerinə yetirilməsi nəticəsində faktiki olaraq 22,3 milyard dram əldə edildiyini bildirib.
Halbuki, Ovannisyan gizlətməyə çalışsa da, məsələ bundadır ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə çox aşağı göstəricidir.
Yadınızdadırsa, Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk zamanlar ermənilər arasında özünü “şirin” salmaq üçün xalqa “bəzi güzəştlər” etmişdi. Belə görünür ki, hazırda baş nazir belə bir addım atmaqda “səhvini” anlayır… amma bunu hələ ki, büruzə vermək istəmir.
Ovannisyan isə yalanlarını davam etdirərək, ermənilərin bu ilin birinci rübdə ticarət dövriyyəsi həcminin 8 faizdən çox artdığını bildirir.
Bildirək ki, bunlar Nikol və onun ətrafının verdiyi hesabatdır. Onlar xalqa istədikləri rəqəmləri təqdim edə bilərlər. Məsələn, onların hətta ölkənin inşaat sektorundakı 1 faizlik artım barədə dedikləri də erməni iqtisadçılarında şübhə ilə qarşılanır.
Hazırda yerli erməni iqtisadçılar təkcə bu ilin yanvar-mart aylarında ölkədə ticarət dövriyyəsinin 11,3, xidmət sektorunun isə 12,5 faiz aşağı düşdüyünü bildirirlər. Ona görə də, onlar erməni səlahiyyətlilərinin ölkənin ayrı-ayrı sahələrindəki “tərəqqi” barədə dediklərinin illüziyadan başqa bir şey olmadığını iddia edirlər.
Yeri gəlmişkən, ölkənin ticarət dövriyyəsinin böyüməsindən danışan hökumət, nədənsə, infilyasiya barədə susur. Nə baş nazir, nə də baş vergi məmuru “uğurlar” haqqında hazırladıqları hesabatlarda bu barədə bir şey söyləmirlər. Halbuki, hazırda ölkədə bahalıq baş alıb gedir.
Qeyd edilməlidir ki, bu gün Ermənistanın istehlak bazarında infilyasiya ən yüksək həddi keçərək 5,8 faiz təşkil edib. Məgər doğrudanmı, ölkənin bu sahəsinə səlahiyyətli olanlar bunu görmür? Təbii ki, görürlər. Lakin “xoşbəxt bir mənzərə” yaratmaq üçün yalan danışmağa üstünlük verirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB