Pandemiya dövründə iqtisadi sektorda çalışanların sayı necə artıb?

"Pandemiyanın dağıdıcı zərbəsinə rəğmən Dövlət statistika komitəsinin rəsmi məlumatına görə muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə artmışdır". Bunu SİA-ya açıqlamasında SOCAR əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Ekspertin sözlərinə görə, Dövlət Statistika Komitəsi elan edib ki, 2020-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 40,2 min nəfər və ya 2,4 faiz artaraq 1684,5 min nəfər olmuş, onlardan 917,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 766,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir: “Qeyd etdiyim kimi 2020-ci ilin əksər hissəsinin pandemiyanın mənfi təsirlərinə baxmayaraq, muzdla çalışan işçilərin sayında artımın olması ilk baxışdan qəribə görünə bilər. Çünki, pandemiya səbəbindən bütün dünyada iş yerləri itirildiyi halda bizdə artım qeydə alınıb. Bunun səbəblərini axtarmaq istəsək ilk növbədə iqtisadiyyatda gedən “ağarma” prosesi ilə əlaqələndirmək olar. Amma fikrin nə qədər doğru olub olmadığını aydınlaşdırmaq üçün əvvəlcə muzlda şalışanları sahələr üzrə təsnifləşdirək və sonra ötən ilin analoji göstəricilərilə müqayisə edək.

Əvvəla qeyd edim ki ümumi 40 min nəfərlik artımın 92,5%-I məhz qeyri-dövlət sektorları üzrə payına düşür. Bunları ümümi olaraq sahələr üzrə paylasaq 2020-ci ilin dekabrın 1-nə olan məlumata görə muzdla çalışan işçilərin 19,7 faizi təhsil, 18,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar”.

İqtisadçı bildirib ki, bu qeyd edilən göstəricilərin xüsusi çəkisini, ötən ilin analoji göstəricilərilə müqayisə etdikdə görürük ki, təhsil, dövlət idarə etmə sistemi, sənayedə, nəqliyyat və anbar təsərrüfatı sahələrində muzdla çalışanların xüsusi çəkisi artmaq əvəzinə azalıb: "Səhiyyə və sosial xidmətlərin göstərilməsi, peşə, elmi və texniki fəaliyyət sahələrində isə bu göstəricinin payı dəyişməz qalıb. Artımın baş verdiyi sahələr isə ticarət, tikinti, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq və digər sahələri olmuşdur. Bura da daha çox artım faizi 0.4%-lə ticarətdə və daha sonra 0.2%-lə tikintidə olmuşdur. Göründüyü kimi muzdla işləyənlərin içində ən çox artım ticarət sahəsində işlərənlərin artımıdır".

E.Əmirovun dediyinə görə, il boyu pandemiya əlehinə tədbirlər çərçivəsində ticarət obyektlərinin qapadılmasına, ölkənin ən böyük ticarət mərkəzləriin bağlanılmasına, alış-verişdə kəskin enişlərin olmasına rəğmən ticarət sahəsində çalışanların sayı necə arta bilərdi? Bu sualın bir cavabı var: Səbəb iqtisadiyyatın ağardılması prosesinin pandemiya dövrü sürətlənməsidir: “Yəni iqtisadi fəaliyyətin qeydiyyata alınması, salınması təsərrüfat subyetləri üçün böyük əhəmiyyət kəsb etməyə başladı. Çünki əks təqdirdə sahibkar dövlətin bu sahədə olan dəstəyindən məhrum olacaqdır. Odur ki, dövlətin ayırdığı vəsaitlərdən bəhrələnmək üçün fəaliyyətin rəsmiləşdirlməsində maraqlı tərəfə çevrildilər. Nəticədə isə muzdla işləyən işçilərin sayında pandemiyaya baxmayaraq artım qeydə alındı”.

Bütün xəbərlər Facebook səhifəmizdə