Yanacaq niyə bahalaşdı? - İqtisadi və sosial əsaslandırma - ANALİZ

Yanacaq niyə bahalaşdı? - İqtisadi və sosial əsaslandırma - ANALİZ

Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bəzi yanacaq növlərinin qiymətinin artırılıması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Lakin bəzi məsələləri nəzərdən keçirdikdə bahalaşmanın səbəbi aydın olur.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir. Müxtəlif ölkələrdə qiymətlər fərqli olsa da, orta qiymət 1 dollar civarındadır. Belə ki, Aİ-92 markalı benzin və dizel yanacağının MBD ölkələrində qiyməti 1 manat civarında, Avropa ölkələrində 2 manat civarında dəyişir. Bir çox ölkələrdə ötən ilin sonunda qiymət bahalaşıb.

Rusiyada bir neçə gün əvvəl Aİ-95 markalı benzinin qiyməti 7% artıb.

Ukraynada ötən ilin sonlarında yanacağın qiyməti 4% bahalaşıb.

Türkiyədə benzin qiyməti 332 faiz artırılaraq yarım il əvvəlki 5,5 lirədən 7,2 lirəyə (1,66 manat) qaldırılıb.

Gürcüstanda da benzin 10 faiz artıb və hazırda 1,25 manat təşkil edir.

Noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiyməti 30%-ə yaxın artıb. Almaniya vətəndaşları yeni ildən həm benzin, həm dizelin litrinə görə 11 sent artıq xərcləməli olacaqlar. Proqnoza görə, bu ölkədə yanacağın qiymətində artım 2021-ci ildə də davam edəcək.

Hazırda bəzi ölkələrdə yanacağın pərakəndə satış qiyməti

1 litr Aİ-92 markalı benzinin qiyməti;

Rusiyada 1,0 manat;

Ukraynada 1,72 manat;

Belarusda 1,14 manat;

Gürcüstanda 1,12 manat.

1 litr üçün dizel yanacağının qiyməti;

Türkiyədə 1,44 manat;

Rusiyada 1,12 manat;

Ukraynada 1,72 manat;

Belarusda 1,21 manat;

Ermənistanda 1,19 manat;

Gürcüstanda 1,15 manat.

Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti Avropa ölkələri və əksər MDB ölkələri ilə müqayisədə aşağıdır.

Dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılıb. Həmin dövrlərdə respublika üzrə orta aylıq əmək haqqı uyğun olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66%, pensiyalar 73% artıb. Ötən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əmək haqqı 704,5 manat təşkil edib. Göründüyü kimi, əhalinin gəlirlərində artım yanacağın qiymətindəki artımı ortalama 70 faiz üstələyir.

Bahalaşmanın iqtisadi əsaslandırması nələrdir?

Hökumətdə yanacağın bahalaşmasını əsaslandırmaq üçün bir sıra səbəblər göstrərilib. Belə ki, Aİ-92 markalı avtomobil benzini üzrə qiymət tənzimlənməsi ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq.

Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcəkdir.

Tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitdən büdcədən maliyyələşən sahələrin xərclərinin balanslaşdırılmasına da sərf oluna bilər.

Tarif artımı çox deyil və vətəndaşların ailə büdcəsinə ciddi bir təsir etməyəcək.

Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəkdir. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.

Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaqdır.

Qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcəkdir.

Alternativ yanacaqdan istifadənin genişləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığı müstəvisində imkanlar yaradılacaq.

Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcəkdir.

Bahalaşmanın təsir edəcəyi kateqoriyanın sosial müdafiəsi

2019-cu ildən başlayaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki inqilabi sosial paket həyata keçirilib. Pandemiya dövründə əhaliyə və biznesə dəstək paketləri reallaşdırılıb. Bu sosial paketlərə əsasən, 2019-cu ilin aprel və oktyabr aylarında ölkədə maaşlar, təqaüdlər, müavinətlər və digər ödənişlər kəskin artırılıb. Minimum əmək haqqı 2 dəfə artırılaraq 250 manata çatdırılıb, dövlət sektorunda əməkhaqları 20%-100% arasında yüksəldilib. Ölkəmizdə minimum aylıq pensiya 72,4% artırılaraq 200 manata çatdırılıb. Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə MDB ölkələri üzrə 1-ci yerə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksi üzrə 2-ci yerə yüksəlib.

2019-cu ilin ardıcıl 2 sosial paketi çərçivəsində sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Yeni təqaüd növləri– sağlamlıq imkanları məhdud uşaqlara və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, müharibə veteranları üçün Prezidentin aylıq təqaüdləri təsis edilib. Həmçinin, məcburi köçkünlərin müavinətləri, tələbələrin təqaüdləri artırılıb. 800 min insanın problemli kredit narahatlığına son qoyulub və s.

2019-cu ildəki iki sosial paketin əhatə dairəsi ümumilikdə 4,2 mln. nəfər təşkil edib (əhalinin 42 faizi).

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri üçün 3,5 milyard manat ayrılıb. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edib.

190 manat birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılaraq 600 min şəxsi əhatə edib, aprel və may aylarında həmin şəxslərə ödəniş tam təmin edilib. Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan regionlar üzrə il ərzində 450 milyon manat ödəmə sərf olunub. Bundan əlavə, 100 min ailəyə ərzaq payı verilib.

Məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir olmaqla, sosial dəstək tədbirləri əhalinin təqribən 5 milyon nəfərini əhatə edib. Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib (12 min ailə, maliyyə yükü 70 mln. manat). Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb.

Ünvanlı dövlət sosial yardımı qaydaları sadələşdirilib və əhatə dairəsi genişləndirilib. Artım 14 min ailəni- 58 min ailə üzvünü əhatə edib, bu artım üçün ayrılan əlavə vəsait 8 mln. manat təşkil edib.

2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb ki, bu da 66.7% artım deməkdir. Həmçinin, “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat veriləcəkdir. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40% artırılıb.

Yanacağın bahalaşmasından əldə olunan vəsait hara yönələ bilər?

Göründüyü kimi, hökumət sosial yardıma daha çox vəsait ayırır. Yanacağın qiymətinin artması sosial təbəqələr üçün kompensasiya edilir. Yalnız imkanlı vətəndaşlar üçün artım təsir göstərəcək ki, onlar üçün də ayda 10-15 manat artıq xərcləməyin ciddi problem olmayacağı aydın məsələdir.

Buradan büdcəyə daxil olan əlavə vəsaitlər Qarabağın bərpası və yenidənqurulması işinə yarım edə bilər. Dövlətin maliyyə imkanları sonsuz deyil, onsuz da pandemiya ilə mübarizə və ağır müharibə dövlətimizə milyardlarla manata başa gəlib. Bununla eyni vaxtda Qarabağın bərpasına, köçkünlərin qaytarılmasına sərf olunacaq on milyardlarla manat xərc də bizi gözləyir. Bu vəziyyətdə imkanlı vətəndaşların ayda 10-15 manat artıq xərcə düşməsi onlar üçün problem yaratmaz. Aşağı təminatlı təbəqə isə dediyimiz kimi, dövlətin himayəsi altındadır və onların sosial yardımları, müavinətləri mütamadi olaraq artırılır.

Əlbəttə, yaxşı olardı ki, aztəminatlı təbəqənin istifadə etdiyi Aİ-92 benzinin və dizelin yox, yuxarı təminatlı vətəndaşların istifadə etdiyi Aİ-95 və Aİ-98 benzinlərinin qiyməti artırılardı. Düzdür, bunların istifadə həcmi eyni deyil və arada xeyli fərq var, lakin hər halda azmaaşlı vətəndaşların gündəlik istifadə etdiyi, həmçinin digər məhsulların və xidmətlərin qiymətinə təsir göstərməyəcək yanacaq növlərinin bahalaşması daha düzgün olardı.

Şübhə yoxdur ki, hökumət aztəminatlı əhalinin sosial müdafiə tədbirlərini davam etdirəcək və bu bahalaşmanın təsiri olmadığı sahələrdə də süni qiymət atımına imkan verməyəcək.

Altay

Bütün xəbərlər Facebook səhifəmizdə