"Subsidiyaların hesablanmasında yanacağın qiyməti nəzərə alınmalıdır" - ŞƏRH ÖZƏL
"Dizel yanacağının qiyməti xüsusən də iki sektorda xərclərə birbaşa təsir göstərir. Bunlardan birincisi Kənd Təsərrüfatıdır. Kənd təsərrüfatında istifadə olunan texnikanın əhəmiyyətli hissəsi dizel yanacağından istifadə edir. Digər sektor isə ictimai nəqliyyatdır. Bu baxımdan dizel yanacağının qiymətindəki artımlardan ötrü hər iki sektor üzrə dəstək paketinin genişləndirilməsi gözlənilir. İl yeni başladığı üçün Kənd Təsərrüfatında subsidiyaların məbləğinin yenidən hesablanması və artırılması mümkündür. Bu baxımdan biz də təklif edirik ki, Aqrar sektorda 2021-ci il üçün subsidiyaların məbləği hesablanan zaman dizel yanacağındakı qiymət artımı nəzərə alınsın və həmin qiymət artımından yaranan fərq nəzərə alınmaqla subsidiya məbləği hesablansın". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Ekspertin sözlərinə görə, bu zaman artıq dizel yanacağının qiymətinin artmasının kənd təsərrüfatı məhsullarının qiymətinə təsirlərini minimumlaşdırmaq mümkün olacaq: "Subsidiya məbləğinin artırılması nəticə etibarilə imkan verəcək ki, Aqrar sektorda istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətlərindəki potensial artımın qarşısı alınsın və qiymətlərdəki stabilliyi qoruyub saxlamaq mümkün olsun. Tarif Şurasının qərarında da qeyd olunduğu kimi hökumət ictimai nəqliyyatda sərnişin daşıma ilə məşğul olan sahibkarlar üçün dəstək mexanizmi hazırlayıb. Dəstək mexanizmində də, xüsusən dizel yanacağının qiymətinin artmasından yaranan fərqin nəzərə alınması və buna uyğun olaraq ictimai nəqliyyatda sərnişin daşıma ilə məşğul olan şirkətlərə xüsusi dəstəyin nümayiş etdiriləcəyi gözlənilir. Bu da təbii ki, çox vacibdir və ictimai nəqliyyatda fəaliyyət göstərən sahibkarların xərclərinin optimallaşdırılması baxımından əhəmiyyətlidir".
V.Bayramov vurğulayıb ki, artıq rəsmi olaraq da açıqlamalar yayıldı ki, ictimai nəqliyyatda qiymət artımları gözlənilmir və bununla bağlı rəsmi müraciət yoxdur: "Ona görə dizelin qiymətinin artmasındakı fərqin ictimai nəqliyyat sektorunda olan sahibkarkar üçün dövlət tərəfindən dəstək formasında ödəniləcəyi gözlənilir. Adətən belə qiymət artımlarının psixoloji tərəfləri olur. Ona görə həm də istehlak bazarındakı monitorinqlərin güclənməsi daha məqsədəuyğundur. Xüsusən də süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsi əsas məqamdır. Dizel və benzinin qiymətinin artmasından təsirlənməyən sektorlarda süni şəkildə qiymət artımının baş verməməsi üçün monitorinqlərin gücləndirilməsinə ehtiyac var. Təbii ki, bu monitorinqlər hansı məhsulların xərclərinin qiymət artımlarının təsir etdiyini və hansıların təsir etmədiyini müəyyənləşdirilməsi baxımından vacibdir. Bu da təbii ki, bazarda psixoloji cəhətdən süni qiymət artımlarının qarşısını ala bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB