"Liberal iqtisadi sistemin qurulması artıq zərurətdir" Ekspert

"Liberal iqtisadi sistemin qurulması artıq zərurətdir" Ekspert

"Nə neft qiymətlərinin 2020-ci il ilə müqayisədə yuxarı həddə olması, nə də bu ilin ilk günlərindən Avropaya yeni Cənub Qaz Dəhlizi vasitəsilə kommersiya qazının nəql olunması və digər məqamlar Neft Fondunun illik büdcəsinin heç vaxt bu ilki qədər kəsrlə təsdiqlənməsinə mane ola bilmədi". Bunu SİA-ya açıqlamasında SOCAR əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Ekspert bildirib ki, 2021-ci il üçün fondun təsdiqlənən büdcəsində ilk dəfə olaraq büdcə 4,2 milyard manat kəsirlə təsdiqlənib: "Fondun gəlirlərinin əsasını Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlir 6,43 mlrd manat, sərmayəçilərin akrhesabı ödənişləri üzrə gəlir 4,14 mln manat, Respublikamızın ərazisisindən neft və qazın ötürülməsindən əldə edilən gəlir 21,9 mln manat, fondunun valyuta aktivlərinin idarə olunmasından əldə edilən gəlir 776 mln manat, Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslardan formalaşan hissə 776 mln manat olmaqla ümumilikdə 8 milyard manatdan bir qədər artıq vəsait təşkil edir".

İqtisadçının sözlərinə görə, gəlirləri 5 istiqamətdən formalaşan fondun xərc istiqamətləri yalnız 3 kateqoriyada olmaqla 2021-ci il dövlət büdcəsinə transfer üçün 12.2 mlrd manat, Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi üçün 20.5 mln manat və fondun idarə edilməsi ilə bağlı xərclər 28.9 mln manat təyin edilmişdir. Bu 3 istiqamət fond büdcəsinin ümumi xərclərini 12 mlrd 249 mln manata çatdırmış olur: "Qeyd etdiyim kimi, cari ildə Xəzər dənizindəki Şahdəniz yatağından Avropaya yeni Cənub Qaz Dəhlizi vasitəsilə kommersiya qaz nəqlinin başlanması, eləcə də neft qiymətlərinin 2020-ci illə müqayisədə ortalama yuxarı səviyyədə formalaşacağı Dövlət Neft Fondunun gəlirlərinə müsbət təsir edən amil kimi dəyərləndirilə bilər. Lakin Fondun bu ilki qədər büdcə kəsrindən yaxa qurtarmaq üçün bu iki factor yetərli olmayacaq. Bunun üçün xərc hissəsinin azaldılması istiqamətində düşünmək lazımdır. Xərclərin isə 99,6% faizini dövlət büdcəsinə transfer təşkil edir. Deməli, yalnız transfer səviyyəsinin azaldılması yolları istiqamətində düşünməklə neft fondunun xərc yükünü azaltmaq olar. Hazırda isə bunun yeganə yolu mümkün qədər neft amilindən ölkə iqtisadiyyatın asılılığını azaltmaqdan keçir. Təəssüf ki, inzibati tənzimlənmə metodlarının tətbiqi ilə neft amilindən asılılığı azaltmaq və qeyri-neft sektorunun inkişaf etdirmək mümkün olmur. Buna görə də artıq inzibati tənzimlənmə metodlarından imtina edib, liberal iqtisadi sistemin qurulması böyük zərurətə çevirilib".

Bütün xəbərlər Facebook səhifəmizdə