4-cü sənaye inqilabının Qarabağ üfüqləri: İşğaldan azad olunmuş torpaqlarımızda Ağıllı şəhərlər ELMİ ANALİTİK

4-cü sənaye inqilabının Qarabağ üfüqləri: İşğaldan azad olunmuş torpaqlarımızda Ağıllı şəhərlər ELMİ ANALİTİK

(Əvvəli 25 dekabr dərcində)

SMART – hədəflərin qoyuluşuna yönəlmiş müasir yanaşma anlamını daşıyır

Dünyanın hərb tarixinə müasir texnoloji imkanları ilə yeni səhifə açan 44 günlük Vətən müharibəsi başa çatıb və bizi qarşıda 30 illik işğaldan azad edilən torpaqlarımızın inkişafı, tərəqqisi perspektivləri gözləməkdədir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə etdiyi səfərləri zamanı düşmən tərəfindən dağıdılmış, talan olunmuş ərazilərdəki çıxışları və quruculuq işlərinin həyata keçiriləcəyi ilə bağlı bəyanatları da artıq belə nəticəyə gəlməyə zəmin yaradır ki, bu ərazilərimizə bütün infrastruktur, sosial, sənaye və iqtisadi imkanlar yenidən bərqərar ediləcək, Qarabağ dünyanın firavan yerlərindən birinə çevriləcək. Məhz 4-cü sənaye inqilabının yarada biləcək imkanlar kontekstindən çıxış edərək, bir sıra sahələri ayrı-ayrılıqda dəyərli oxucularımızın diqqətinə çatdırırıq.

SMART idarəçilik vasitəsi ilə daha nələrə nail olmaq olar?

Ötən yazımızda əkinçilik, heyvandarlıq və s. kənd təsərrüfatı sahələrində SMART aqro sistemlərinin işğaldan azad edilmiş bölgələrimizdə verəcəyi geniş imkanlar barədə elmi analitik yazı ilə çıxış etmişdik. https://sia.az/az/news/economy/844751.html

Budəfəki müzakirəmizdə isə bir çox Avropa və Asiya ölkələrində reallıq olan Ağıllı şəhərlərin geniş iqtisadi potensialı haqqında fokuslanacaqıq. Xüsusilə, Qarabağın yaxın gələcək perspektivlərində SMART idarəçilik funksiyasının tətbiqi həmin əraziləri 4-cü sənaye inqilabının imkanlarını praktik istifadəyə gətirə bilər. Daha dəqiq desək, 4-cü sənaye inqilabının imkanları hətta inkişafdan qalmış, eləcə də ən adi təminatları olmayan əraziləri belə texnoloji imkanlar sayəsində müasir yaşayış ərazilərinə çevirir və bu, faktdır. Bunun üçün baxış, kapital, bacarıq, təcrübə və zaman lazımdır.

Digər tərəfdən, artıq son dövrlərdə bizlər SMART şəhərlər və ya ağıllı şəhərlər termininə çox yerdə rastlaşırıq. Misal üçün, dünyanın ən rəqəmli və innovativ şəhərləri sayılan Amsterdam, Barselona, Sinqapur, Tokio və digərləri SMART idarəçilik vasitəsi ilə bir çox üstünlüklərə nələrə nail olublar. Bəs bunu necə ediblər və hansı üstünlükləri qazanıblar? Maraqlı sualdır...

SMART – hədəflərin qoyuluşuna yönəlmiş müasir yanaşma anlamını daşıyır

İlk öncə istərdim SMART–yəni ağıllı ifadəsinin tarixinə ekskurs edək və bu sözün təməlində hansı məqamların dayandığının təhlilini aparaq. Belə ki, Ağıllı şəhərlər konsepsiyası ilk dəfə 1954-cü ildə SMART konseptinin tətbiqindən başlanmışdır desək, yanılmarıq. Menecment nəzəriyyəsinin banilərindən biri sayılan Amerika iqtisadçısı Piter Brüker tərəfindən ilk dəfə istifadə edilən SMART abreviaturasının açılışı belə olmuşdur. S – specific – konkret, M – “measurable” - ölçüləbiləcək, A – achievable - əlçatan, R – realistik – gerçək və T – “time framed” – konkret zaman çərçivəsində reallaşan. Beləliklə, SMART – hədəflərin qoyuluşuna yönəlmiş müasir yanaşma anlamını daşıyır və ayrı-ayrılıqda olaraq hər bir ifadəsində ən müasir texnoloji imkanlara sıçrayış olduğunu göstərir. SMART CİTY isə Ağıllı şəhər konseptidir və müasir dövrdə texnoloji inkişafın məhsuludur. 4-cü sənaye inqilabının aparıcı elementlərindən biridir.

Digər tərəfdən, Ağıllı şəhər konseptinin əsas məqsədlərindən biri – şəhərlərin idarəçiliyi səviyyələrinin birləşdirilməsidir və bunu edərək vahid “Data”nın, yəni məlumatlar bazalarının birgə işləməsinin təmin edilməsidir. Daha dəqiq desək, məlumatlar bazaları müxtəlif istiqamətli fəaliyyətlər nəticəsində formalaşan datadır. Misal üçün, şəhərin idarəedilməsi nəticəsində ekosistem formalaşır. Ekosistemin iştirakçıları isə, yəni onun tərkib komponentləri - səhiyyə, nəqliyyat, loqistika, kommunal xidmətlər, rabitə sistemləridir. Datanı formalaşdıran məhz bu komponentlərdir.

SMART əməliyyatları bahalı prosesdir

Nəzərə alarsaq ki, işğaldan azad olunmuş ərazilərimizdə yaxın gələcəyin turuzm potensialı yüksəkdir və eyni zamanda, orada ictimai nəqliyyat sistemi, otelçilik, mobil və s. rabitələr toplusu, infrastrukturların enerji mənbələrinin təminatı, habelə iqtisadi sənaye potensialının tərəqqisi kimi faktorlar da önəmlik təşkil edəcək, bu zaman həmin işlərin həm asan idarəolunması, tətbiqi üçün Ağıllı şəhər konsepsiyasını həyata keçirmək imkanları dövrümüzün tələbatına çevrilir, həmçinin, ekosistemin iştirakçılarının əlaqəli çalışması (interoperability) SMART konseptinin yaradılmasını təmin edir.

Təbii ki, qeyd olunanlar özü-özlüyündə çox mürəkkəb prosesdir, çünki müxtəlif istiqamətli fəaliyyətlər nəticəsində yaranan məlumatların toplanılmasını, təhlilini və proqnozunun verilməsini tələb edir. Əgər onu da nəzərə alarsaq ki, bu gün azad olunmuş ərazilərimizdə düşmənin istilası zamanı demək olar ki, bütün infrastruktur, enerji mənbələri və s. həyat tələbatları tamamilə dağıdılıb, məhv edilib, bu zaman SMART CİTY kimi layihənin demək olar ki, sıfır həddindən başlayacağını güman etmək mümkündür.

Amma başqa tərəfdən, onu da hesaba alarsaq ki, Qarabağda Azərbaycan dost ölkələr də fəaliyyət göstərəcəklər və innovativ texnologiyaların tətbiqi prosesində böyük töhfələr verəcəklər, bu zaman qeyd edilən planların qısa zaman kəsimində həyata keçiriləcəyini deyə bilərik.

Azərbaycan dövlətinin isə dünyada cərəyan edən iqtisadi böhtana baxmayaraq, imkanı və gücü mövcuddur və əbəs deyil ki, Ali Baş Komandan, Prezident İlham Əliyev cənabları həmin ərazilərimizə etdiyi səfəri zamanı bu torpaqların çiçəklənəcəyi, dirçəldiləcəyi ilə bağlı bəyanatını səsləndirdi.

Ancaq daha bir amil budur ki, mürəkkəbliyi ilə yanaşı SMART əməliyyatları bahalı prosesdir. Bildiyimiz kimi, bütün dünyada istehsal edilən enerjinin 1.5% data mərkəzləri yəni məlumat bazaları tərəfindən sərf edilir. Dünyada istehsal olunan datanın həcmi hər iki ildə iki dəfə artır. Bu qədər məlumatları saxlamaq, təhlil etmək və süni intellekt vasitəsi ilə analitik proqnozlar vermək də çox məsrəfli prosesdir. Bu statistikanı ona görə qeyd edirik ki, data mərkəzlərinin və AĞILLI şəhərlərin qurulmasının necə bahalı və kapital tutumlu olması təsəvvürünü oxucuların nəzərində formalaşdıraq.

Beləliklə, fakt budur ki, müasir zamanda müxtəlif sistemlərin inteqrasiyası vahid interfeysləri formalaşdırır. Ağıllı şəhər idarəçiliyində bu cür vahid sistemlər çoxsaylı məqsədlərə çatmağa kömək edir.

Ağıllı Nəqliyyat sisteminin SMART CİTY fonundakı məqamları: inteqrasiya və qarşılıqlı fəaliyyət

İndi isə daha bir reallığı təhlil edək. Məsələn, bu xüsusda Ağıllı Nəqliyyat sisteminin SMART CİTY fonundakı məqamlarını sadalayaq. Yəni təkçə Ağıllı Nəqliyyat sistemləri aşağıdakıları formalaşdırmağa və monitorinq etməyə köməklik edir:

* Nəqliyyat infrastrukturu və nəqliyyat şəbəkəsi haqqında informasiyanın formalaşması

* Şəhər loqistikasının idarəedilməsi sisteminin yaradılması

* Nəqliyyat vasitələrinin real zamanda monitorinqi

* Nəqliyyatda yanacağa nəzarət sistemlərinin yaradılması

* Tullantıların idarəedilməsi

* Sərnişindaşımala sistemlərinin yaradılması

* Ağıllı yolların idarəedilməsi

* Yol hərəkəti reqlamentlərin icrasına nəzarət edilməsi

* Yollardakı yük artımının modelləşməsi və idarəedilməsi

* Ekoloji monitorinq

Bununla yanaşı, ağıllı nəqliyyat yol infrastrukturunun bütün sahələrinə nəzarət etməyə və idarə etməyə köməklik edir. Parkinq və dayanacaq idarəedilməsindən, ətraf mühitin korlanmasına qədər (yəni CO2 karbon dioksid tullantılarının həcminin ölçülməsinə qədər). Beləliklə yuxarıda sadalananlar Ağıllı Şəhərin yol infrastrukturu sistemlərin inteqrasiyası və qarşılıqlı fəaliyyətini təmin edir.

Bir daha fokusu prosesin bahalı olmasına yönəltmək istərdim. Misal üçün, bir dəniz platformasında 20000 ilə 40000 arası sensor quraşdırılır. Bu sensorlar müxtəlif məlumatları əldə edərək bu məlumatları data mərkəzlərinə ötürür. Bir şəhərin ərazisi bir platforma ərazisindən 1000 dəfələrlə daha çoxdur. Deməli SMART idarəetmə üçün milyonlarla sensor, kamera, ötürücü və digər cihazlar lazımdır.

Təbii ki, bunların hamısı yüksək sürətli internetin olması şəraitində mümkün ola biləcək. Pilotsuz idarəedilən avtomobillərdən istifadə yalnız 5G şəbəkələrin mövcud olan ərazilərdə mükün olduğu kimi, ağıllı şəhər və ağıllı nəqliyyat da yüksək sürətli internet tələb edir.

Yəni işqaldan azad olunan ərazilərdə ilk olaraq yüksək sürətli internet şəbəkəsi mövcud olmalıdır ki, SMART infrastrukturu formlaşa bilsin. Bunun üçün də kifayət qədər həcmli kapital qoyuluşu təmin edilməlidir.

(ardı var)

Emin ƏLİYEV,

Tarix üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə