"İtaliya müstəqilliyimizi ilk tanıyan Avropa ölkələrindəndir" ÖZƏL-MÜNASİBƏT

"İtaliya müstəqilliyimizi ilk tanıyan Avropa ölkələrindəndir" ÖZƏL-MÜNASİBƏT
"Azərbaycan 30 il erməni işğalı altındakı torpaqlarını azad edib, bu torpaqların dirçəldilməsi və yenidən həyat verilməsi istiqamətində işlərə başlayıb. Ermənilər torpaqlarımızı işğal etdiyi 30 ildə bütün infrastrukturu dağıdıb, yaşayış məntəqələrdə daşı-daşın üstündə saxlamayaraq xarabalığa çevirib. Müzəffər ordumuz 27 sentyabrda başlamış 44 günlük Vətən müharibəsində düşməni məğlub edib, torpaqlarımız dekabrın 1-də işğalçılardan təmizlənərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü təmin edib. İndi isə həmin torpaqlara yenidən həyat verilməsi, qaçqın və məcburi köçkünlərin ən qısa bir zamanda öz ata-baba yurdlarına qaytarılması üçün işlər görülür. Təbii ki, bu ərazilərin qısa zamanda dirçəldilməsi üçün çoxlu sayda həm ölkəmizin, həm də xarici ölkələrin şirkətləri iştirak edəcəkdir". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

"Cənab Prezidentin qeyd etdiyi kimi bizə dost və bizi dəstəkləyən ölkələrin şirkətləri bu prosesdə iştirak edilməyə dəvət olunub. Türkiyə şirkətləri bu prosesə qoşulub və ilk kontraktını imzalayıb, ikinci ölkə isə İtaliyanın iştirak etməsi üçün danışıqlar aparılıb və bu gün ikinci kontrakt imzalanıb. Tikinti-quruculuq işlərində ilk növbədə sosial infrastrukturun qurulması işlərinə start verilib, Şuşaya avtomobil və Yevlax-Ağdam-Xankəndi dəmir yollarının tikintisinə ilkin maliyyələr ayrılıb.

Bu gün Azenerji ASC-nin prezidenti Baba Rzayevlə İtaliyanın Ansaldo Energia şirkətinin rəhbəri Marino Guiseppenin və İtaliyanın Azərbaycandakı səfiri Augusto Massarinin iştirakı ilə video-konfrans şəklində qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. İmzalanmış müqaviləyə görə Ağdam, Fizuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kv-luq yarımstansiyaların avadanlıqların təchizatını İtaliyanın Ansaldo Energia şirkəti həyata keçirəcək. 44 günlük Vətən müharibəsində İtaliya Azərbaycanı dəstəkləyərək öz mövqeyini açıqlayıb, senatın və hökumətin nümayəndələri ölkəmizə səfər edərək ermənilərin Gəncəni və Ağdam rayonlarını qadağan olunmuş raketlərdən atəşə tutmaqla törətdikləri vandal hərəkətlərini yerindəcə izləyərək mətbuatda öz münasibətini bildirib. İtaliya ölkəmizin çətin dövründə yanımızda olmaqla əsil dost ölkə münasibətini sərgiləyib. İtaliya Azərbaycanın müstəqilliyini ilk tanıyan Avropa ölkələrindəndir. Həm də İtaliya Xəzər dənizində karbohidrogen yataqlarının tədqiqi və istehsalı pay bölgüsündə iştirak edib, Bakı-Tbilisi-Ceyhan borusunda 5% paya sahibdir. Ümumiyyətlə bu illər İtaliya ilə Azərbaycanın ikitərəfli ticarət dövrüyyəsi artan dinamikanan inkişaf edib, 2007-ci ildə 1081,7 min dollardan 2018-ci ildə 6,2 milyard dollara çatıb. TAP layihəsinin istismara verilməsi və ölkəmizin qeyri-neft sektor məhsullarının İtaliya bazarlarına ixracının artırılması ölkələrimiz arasında perspektivlərin potensialının çox olduğunu göstərir. İtaliyanın Cənubi Qafqazda iqtisadi əməkdaşlıq edən əsas ölkə Azərbaycandır. İtaliyanın Ansaldo Energia şirkəti innovativ və geniş sənaye imkanlarına malikdir. İşğaldan azad olunmuş torpaqlarda tikinti-quruculuq işlərində İtaliya şirkətlərinin iştirakı ölkəmizə yeni Avropa texnologiyaların gəlməsini şərtləndirəcəkdir.

Ümumiyyətlə MDB dövlət Başçıları Şurasının video konfransındakı çıxışında dövlət başçımız müharibə dövründə Azərbaycana dəstək verən, dost ölkələrin işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə cəlb olunacağını konfrans iştirakçıların diqqətinə çatdırmışdır. Dünya ölkələri bir daha görür ki, Azərbaycanla dost olmaq ancaq onlara xeyir gətirir. Azərbaycan ədalətli siyasət aparan ölkədir və kim bizi dəstəkləyirsə onun ədaləti dəstəkləməsi deməkdir"-deyə, A.Badamov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə