BMT və Britaniya iqlimə dair sammit keçirməyi planlaşdırır

Britaniya və BMT dekabrın 12-də iqlim dəyişikliyinə qarşı mübarizə sammiti keçirəcək. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

Görüş Paris iqlim sazişinin imzalanmasının beşinci ildönümünə təsadüf edəcək.

"Son araşdırmalar istixana qazlarının konsentrasiyasının rekord səviyyəyə çatdığını göstərir. Bununla əlaqədar BMT-nin Baş katibi Antoniu Quterriş və İngiltərənin Baş naziri Boris Conson 12 dekabrda keçiriləcək dünya liderlərinin görüşünün həmsədrləri olaraq çıxış edəcəklər", deyə beynəlxalq təşkilatdan bildirilib.

Tədbirin əyani və ya virtual formatda keçiriləcəyinə aydınlıq gətirilməyib.

Paris Sazişi 12 dekabr 2015-ci ildə iqlim dəyişikliyinə dair Çərçivə konvensiyasının 21-ci konfransından sonra qəbul edilib. Sazişə əsasən iştirakçı ölkələr planetdəki ortalama hərarətin sənaye öncəsi dövrlə müqayisədə 2100-cü ilədək Selsi üzrə iki dərəcədən çox artmasının qarşısını almaq razıliğına gəliblər. Sənəd xüsusilə istixana qazlarının azaldılmasını nəzərdə tutur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə