“Güclü insan kapitalı modernləşməni şərtləndirən ən əsas amillərdəndir” ŞƏRH
“Beynəlxalq Əmək Təşkilatının hesabatına əsasən, 2017-ci ildə dünya üzrə əmək gəlirləri bölgüsündə ilk desildə yer alan işçinin orta aylıq gəliri 7.400 ABŞ dolları olduğu halda, ən aşağı desilə aid işçi aylıq cəmi 22 ABŞ dolları qazanmışdır ki, bu da qlobal səviyyədə gəlirlər arasında dərin qeyri-bərabərliyə dəlalət edir. Dünya Bankının məlumatlarında göstərilir ki, hazırda anadan olan uşaqların təqribən 60 faizinin adekvat səhiyyə və təhsil sistemi ilə əhatə olunmaması səbəbindən gələcəkdə əmək məhsuldarlığı ən azı iki dəfə aşağı düşəcəkdir. Bu isə təkcə onların gəlirləri və rifahı deyil, həm də ölkələrinin iqtisadi artımı və rəqabətqabiliyyətliliyi, eləcə də bütövlükdə yoxsulluğun azaldılması baxımından ciddi fəsadlar törədəcəkdir. Gələcək işçilərin sağlamlığı və təhsilinə qoyulan investisiyalar ilə əmək məhsuldarlığı arasındakı əlaqə baxımdan beynəlxalq təşkilatlar uşaq yaşlarında yüksək koqnitiv və sosial davranış vərdişlərinin inkişaf etdirilməsində vacib rol oynayan adekvat təhsilin zəruri səhiyyə, minimum sosial təminatlar, sosial sığorta, ömürboyu təhsil və əmək bazarında köklü islahatlarla möhkəmləndirilməli olduğunu qeyd edirlər.” Bunu SİA-ya açıqlamasında cəmiyyətin inkişafı və modernləşməsi proseslərində strateji önəmə malik insan kapitalından bəhs edən müstəqil ekspert Yalçın Müslümov deyib.
İnsan kapitalı anlayışı ilə bağlı ümumi yanaşmalar haqqında məlumat verən Y. Müsülmov vurğulayıb ki, şəxsin malik olduğu və müəyyən zaman kəsiyində mal və xidmətlərin istehsalında istifadə edə biləcəyi, iqtisadi dəyəri olan, təkrar istehsal prosesini təmin edən və əmək məhsuldarlığının artmasına töhfə verən bilikləri, motivasiyanı, vərdişləri, bacarıqları bu anlayışa aid etmək olar: “Müasir şəraitdə biliklər və onların daşıyıcılarının ixtisaslaşmış, unikal vərdişləri inkişafın həlledici amilinə çevrilir. Bilik iqtisadiyyatında məhsuldarlığın baş mənbəyi kimi insanın kreativ bacarıqları, yeni biliklərin yaradılması və səmərəli istifadəsi çıxış edir. Yəni mənfəət maddi istehsal və ya kapitalın konsentrasiyası hesabına deyil, əslində intellektual potensial hesabına yaradılır. Buna görə də insan kapitalı strateji resursa çevrilərək sosial-iqtisadi inkişafın, onun keyfiyyət konsepsiyasının mərkəzi həlqəsini təşkil edir. Cəmiyyətin texnoloji, iqtisadi və sosial modernləşmə sərhədlərini və imkanlarını məhz adekvat təhsil, ixtisas və təcrübəyə malik insanlar formalaşdırır".
Ekspert insan potensialının müasir və səmərəli inkişafı sisteminin qurulmasının əksər ölkələr üçün aktual problem olduğunu vurğulayıb: “Müasir şəraitdə səmərəliliyin və rəqabətqabiliyyətliliyin artırılması üçün insan resurslarının vacib rolu etiraf edilməklə yanaşı, insan kapitalına və onun daşıyıcısı kimi insanın özünə iqtisadiyyatın uğurlu inkişafı və fəaliyyəti üçün zəruri olan ən dəyərli resurs kimi baxılmalıdır. Bu əsasda postsənaye dövrünün ortaya qoyduğu çağırışların ram edilməsi baxımından insan kapitalının formalaşması və inkişafı cəmiyyətin prioritet vəzifələri sırasında olmalıdır. Bu problemin mahiyyəti insan zəkasının total hökmranlığına rəvac verməkdə olan intensiv intellektuallaşdırma şəraitində qabarıq şəkildə özünü göstərir. Sirr deyil ki, bu şəraitdə bilik və məlumatlar, innovasiya və texnologiyalar uğrunda qlobal mübarizə geniş vüsət almaqdadır. Hər bir ölkənin əsas vəzifələrindən biri də yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və insan resurslarının inkişaf etdirilməsidir. Müasir dövrdə bu qəbildən olan məsələlərin səmərəli həlli ölkələrin davamlı inkişafını, eləcə də dünya iqtisadi məkanına inteqrasiyasını təmin edən vacib amillərdəndir. İnsan kapitalına investisiyalar onun əldə olunması və təkrar istehsalının əsas mənbəyidir. Bir qayda olaraq, insan kapitalına investisiyalar sırasında təhsil, mədəniyyət, elm, səhiyyə, mənzil şəraitinin yaxşılaşdırılması, işçi qüvvəsinin mobilliyi, sosial təminat, əmək haqqı xərcləri, ev təsərrüfatlarının digər gəlirlərinin mənbələri və s. qeyd etmək olar".
Dünya iqtisadiyyatında bütün sahələrdə ən yeni rəqəmsal texnologiyaların geniş tətbiq edilməkdə olduğunu qeyd edən Y.Müslümov bunun əmək bazarının tələblərini sürətlə və davamlı dəyişdini də deyib: “Müasir əmək bazarı işçi qüvvəsinə münasibətdə kifayət qədər yüksək tələblər irəli sürür ki, bunu da hazırda hər bir işçi üzrə tam təmin etmək mürəkkəb vəzifəyə çevrilmişdir. Belə tələblər sırasına yüksək mobilliyi, ali təhsil və yüksək ixtisas potensialının olmasını, yetərli peşəkarlığı, psixo-emosional davamlılığı, sürətli adaptasiya bacarığını və s. aid etmək olar. Bu isə, öz növbəsində, iqtisadiyyatın yetkin kadrlarla təmin edilməsi, eləcə də işçi potensialını hazırlayan təhsil sferası ilə əmək bazarı arasında uyğunsuzluq problemlərini ortaya qoyur".
Ekspert bu sahədə hər hansı axsamanın dəf edilməsinin xeyli aktuallıq kəsb etdiyini vurğulayıb: “Getdikcə ölkələr arasında insanlar və onların yaratdığı ideya və texnologiyalar uğrunda mübarizə maliyyə və təbii resurslarla müqayisədə daha da sərtləşəcəkdir. Bu proseslərdə insanın həyatı və inkişafı üçün əlverişli mühit formalaşdırmaq, innovativ inkişaf potensialını, təşəbbüsləri reallaşdırmağa şərait yaratmaq vacibdir. Yeni bazar iqtisadiyyatı quruluşuna malik ölkələrdə bu təhsil, səhiyyə, sosial ödənişlər və xidmətlər sisteminin köklü islahatlar aparılması mənasını kəsb edir. Eyni zamanda, bütövlükdə işgüzar mühitin yaxşılaşması, investisiya cəlbediciliyinin artırılması və bazarın adekvat fəaliyyəti üçün qaydaların dəstəklənməsi təmin edilməlidir".
Sonda insan kapitalının inkişafının ciddi və dərin təhlil və araşdırmalar əsasında ən optimal modelinin seçilməsi və səmərəli şəkildə reallaşdırılmasının vacibliyini diqqətə çatdırn Y.Müsülmov vurğulayıb: “İnsan kapitalının inkişafının gücləndirilməsi unifikasiya olunmuş qaydaların tətbiqini istisna edir. Bu baxımdan tədbirlərin fərdiləşdirilməsi yolu ilə differensiallaşması və yanaşmaların alternativləşdirilməsi zəruridir. Bütövlükdə isə, bu prosesdə insan kapitalına aid edilən sahələrdə xidmətlərin reallaşdırılması ilə bağlı beş əsas trendin nəzərə alınması vacibdir:
fasiləsizlik (ömür boyu);
fərdi yanaşma;
qlobal mübarizənin güclənməsi;
özəl sektorun rolunun genişlənməsi;
yeni texnologiyaların geniş tətbiqi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB