Nazir: “Bu il ölkəyə 1600 baş cins mal-qaranın gətirilməsi nəzərdə tutulur”

Nazir: “Bu il ölkəyə 1600 baş cins mal-qaranın gətirilməsi nəzərdə tutulur”
"Azərbaycan Prezidenti İlham Əliyev iri fermer təsərrüfatlarının yaradılmasını qarşımıza vəzifə kimi qoymuşdu. Bu məqsədlə lazımi tədbirlər həyata keçirilir". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İsmət Abasov məlumat verib. O bildirib ki, bununla əlaqədar əkin sahələrinin 200 min hektar artırılması nəzərdə tutulur. Lakin bunu birdən-birə həyata keçirməyin bir az çətin olduğunu deyən nazir ilkin mərhələdə 100 min hektar əkin sahəsinin əlavə olunacağını söyləyib: "Hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə ayrılacaq torpaqların hansı dərəcədə olacağı, onlardan gələcəkdə necə daha səmərəli istifadə olunması və digər məsələlər müzakirə olunur. Bu məsələlər həll edildikdən sonra iri fermer təsərrüfatları yaradılacaq".
Damazlıq heyvanların ölkəyə gətirilməsinə gəlincə isə nazir qeyd edib ki, bu çox müsbət və ciddi bir işdir: "Bu gün Azərbaycanda süd emalı zavodları tikilir və belə olduğu halda həmin zavodları südlə təmin etmək lazımdır. Ölkəmizdə olan heyvandarların istehsal etdikləri süd imkan verməz ki, böyük müəssisəni işlədək. Ona görə də damazlıq işini yaxşılaşdırılması, o cümlədən cins mal-qaranın Azərbaycana gətirilməsi davam etdirilir. Bu il ölkəyə 1600 baş cins mal-qaranın gətirilməsi nəzərdə tutulur. Bundan başqa, qeyd edim ki, Azərbaycanda çox mühüm bir məsələ həyata keçirilir ki, bu da süni mayalanma prosesidir. Bunun vasitəsilə yüksək məhsuldar cins mal-qara alınır. Düşünürəm ki, kənd təsərrüfatı o cümlədən heyvandarlıq sahəsində öz dinamik işini davam etdirir".

Bütün xəbərlər Facebook səhifəmizdə