Qara dənizdəki qaz yatağı Azərbaycanın qaz ixracına necə təsir edəcək? ÖZƏL - AÇIQLAMA
"Türkiyə xarici ölkələrdən mavi qaz idxalını davam etdirəcək. Azərbaycan isə Türkiyəyə qaz ixracı həcmlərini 2021-ci il və 2022-ci ilə qədər 12.5 milyard kubmetrə qədər çatdıracaq. Əlavə olaraq qeyd edək ki, Azərbaycan qazı öz keyfiyyətinə və qiymətinə görə Türkiyə bazarında kifayət qədər rəqabətə davamlıdır". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft və qaz məsələləri üzrə mütəxəssis İlham Şaban Türkiyənin Qara dənizdə kəşf etdiyi təbii qaz yatağının Azərbaycanın regiona qaz ixracına hansı dərəcədə təsir edəcəyindən danışarkən deyib.
Onun sözlərinə görə, rəsmi statistikalara əsasan, Türkiyə ötən il, yəni, 2019-cu ildə xarici ölkələrdən 44 milyard kubmetrdən artıq qaz istehlak edib, lakin, bu Türkiyənin real maye qaza olan təlabatı deyil: "Təbii ki, bu bir sıra amillərdən asılıdır. Həmçinin, klimativ faktorlardan irəli gələn, yəni, mülayim qış və mülayim yay fəsillərinə bağlı olaraq Türkiyənin mavi qaza təlabatının azalması fonunda baş verən faktorlardır. Türkiyə maye qaza olan ehtiyacının təqribən 11 milyard kubmetrini boru kəmərləri vasitəsilə ödəyib. Hazırda 2020-ci ildə maye qazın dünya bazarında qiymətlərinin xeyli ucuzlaşması səbəbindən mavi qazın idxalı kifayət qədər azdır. Lakin, Türkiyənin mavi qaz idxal etməsi üçün kifayət qədər imkanı var".
Ekspertin fikrincə, Türkiyənin öz ehtiyaclarını ödəməsi üçün Qara dənizdə kəşf edilən təbii qaz yatağının istehsal gücünə nəzər salsaq, bu, təxminən 8 milyard kubmetr arasında olacaq: "Ən yaxşı halda bu qaz yatağının 5 il ərzində istismara verilməsi gözlənilir. Yəni, əgər bu baş versə, qaz yatağı Türkiyənin ehtiyaclarının 15-20 faiz arasında olan göstəricisini ödəyə bilər".
İlham Şaban vurğulayıb ki, bununla belə Türkiyə xarici ölkələrdən qaz idxalını davam etdirəcək və Azərbaycan Türkiyəyə qaz ixrac etməyə davam edəcək: "Türkiyə xarici ölkələrdən mavi qaz idxalını davam etdirəcək. Qaz bazarlarını öyrənən bir mütəxəssis kimi deyə bilərəm ki, Qara dənizdə kəşf edilən təbii qaz yatağının Türkiyənin Azərbaycandan qaz idxal etməsinə ciddi bir təsiri olmayacaq. Sadəcə, Türkiyə özünün bazarlarında rəqəbəti artıracaq. Çünki, Türkiyə 10 ölkədən qaz idxalı həyata keçirir. Bu cəhətdən, Türkiyə özünü yalnız bir ölkəyə bağlamaz. Bu anormallıq olardı. Bununla da Türkiyə rəqabət şəraiti yaradaraq bu 10 ölkəyə fayda verməyə davam edəcək. Bu proseslər fonunda qeyd etmək istərdim ki, Azərbaycan qazı öz keyfiyyətinə və qiymətinə görə Türkiyə bazarında rəqabətə davamlıdır. Ötən il, yəni, 2019-cu ildə Azərbaycan Türkiyəyə 9,5 milyard kubmetr qaz ixrac edib. Ölkəmiz Türkiyəyə qaz ixracı həcmlərini 2021-ci və 2022-ci ildə 12.5 milyard kubmetrə qədər çatdıracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB