Özəl sektora yeni maliyyə dəstəyi göstəriləcək

Özəl sektora yeni maliyyə dəstəyi göstəriləcək və İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşü keçiriləcək. Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib.

İqtisadiyyat Nazirliyindən SİA-ya bildirilib ki, qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilir.

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək pandemiyadan zərərçəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlətimizin başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergiödəyicilərinə iyulun 1-nə olan işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcək.

Qeyd edək ki, birinci mərhələ çərçivəsində maliyyə dəstəyi əldə etmiş vergiödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi proqramının ikinci mərhələsi üzrə ödənişlər proqramın birinci mərhələsində bu dəstəyi almış vergiödəyiciləri üzrə həyata keçiriləcək. İndiyə qədər maliyyə dəstəyi almamış vergiödəyiciləri də dəstək üçün müraciət edə bilərlər. Yeni müraciətlər avqustun 10-dək qəbul ediləcək.

Pandemiyanın biznesə təsirləri ilə bağlı avqustun 7-də İqtisadiyyat naziri Mikayıl Cabbarovun sahibkarlarla onlayn görüşü keçiriləcək. Görüşdə yeni şəraitdə biznesin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq, pandemiyanın sahibkarlığa mənfi təsirlərinin aradan qaldırılması yolları müzakirə ediləcək, özəl sektorun təklifləri dinləniləcək, sualları cavablandırılacaq.

Sahibkarlardan qeyd edilən məsələlər barədə təkliflərini avqustun 6-da saat 18:00-dək “teklif@economy.gov.az” elektron ünvanına göndərmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə