İqtisadi imkanlarımız da, gücümüz də kifayət qədərdir TƏHLİL

İqtisadi imkanlarımız da, gücümüz də kifayət qədərdir TƏHLİL

Bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair iyulun 15-də Prezident İlham Əliyevin sədrliyilə keçirilən iclasda Mərkəzi Bank (AMB) rəhbərinin, İqtisadiyyat nazirinin, Maliyyə nazirinin çıxışları nikbin proqnozlar vəd edir. Bu çıxışlardan həmçinin bəlli olur ki, hazırda Azərbaycan daha davamlı imkanlara sahibdir. Sirr deyil ki, bu vaxta qədər bir neçə dəfə bohranlı vəziyyətlə üz-üzə qalmışıq və indi çıxışlardan o da bəlli oldu ki, sahib olduğumuz imkanlar sayəsində vəziyyət əvvəlkilərdən tamamilə fərqlidir, ölkəmiz bundan əvvəlki böhranlı vəziyyətlərə nisbətən daha hazırlıqlıdır və bu vəziyyətə daha dayanıqlıdır.

Məsələ burasındadır ki, bundan əvvəl də böhranlı vəziyyətlə dəfələrlə qarşılaşmışıqsa və bu vəziyyətlərdən alnı açıq çıxmışıqsa, deməli hal-hazırda bədbin düşünməyə belə haqqımız yoxdur. Üstəlik bu dəfə daha yaxşı və güclü müqavimət göstərmişik və göstərməkdə də davam edirik axı. Onu da unutmayaq ki, bizim həm də bundan əvvəlkilərin, son dəfə də 2014-2016-cı illərin qazandırdığı təcrübəmiz var. Biz bu vaxtadək bir neçə dəfə böhranlı vəziyyətə sinə gərdiksə, bu heç də təsadüfi olmadı. Bu, ölkə rəhbərinin yürütdüyü məqsədyönlü, uğurlu iqtisadi siyasət və bunun sayəsində də ölkə iqtisadiyyatında ötən müddət ərzində əldə olunan uğurlar hesabına idi. Unutmaq lazım deyil ki, iqtisadi uğurlar, iqtisadi yüksəliş heç də az əhəmiyyət daşımır. Xüsusilə, 2 il bundan öncə, daha dəqiq desək, 2018-ci ilin ikinci yarısından başladılan islahatları vurğulamaq yerinə düşərdi. Çünki, Cənab Prezidentin rəhbərliyi ilə başladılan bu islahatların mühüm təsirə malik olduğunu və nəticədə iqtisadi yüksəlişin, dinamikanın hər kəs şahidi oldu.
Əslində, təlaş üçün bir səbəb də yoxdur. Ötən illə müqaisədə nəticələrdə azalma müşahidə olunsa da, cari ilin ilk yarısının sosial-iqtisadi inkişafının yekunları proqnozlara uyğundur. Keçən ilin sonunun deyil, bu ilin əvvəlinin, yəni, pandemiyanın təsirinin ortaya çıxdığı ilk anların proqnozlarına uyğundur. Unutmaq lazım deyil ki, mart ayından etibarən pandemiya şəraitinin yaranması ilə əlaqədar ölkədə meydana çıxan məlum atmosferlə bağlı da yeni proqnozlar meydana çıxdı axı. Yəni, mart ayından məlum idi ki, ölkə iqtisadiyyatı üçün ikinci rübün nəticələri mənfi olmalıdır. Məlum idi ki, makroiqtisadi sabitlik istiqamətində 2017-ci ildən əldə olunan müsbət tendensiya zəifləyəcək.
İndi xatırlamaq yerinə düşərdi ki, 2020-ci ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 27,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz az ÜDM istehsal edilib, iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 1,2, qeyri neft-qaz sektorunda isə 2,1 faiz az olduğu qeydə alınıb. Beləliklə, ilin yanvar-iyun aylarında ölkədə 33 milyard 803,9 milyon manatlıq ÜDM istehsalı qeydə alınıb ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azalmadan xəbər verir. Eyni azalma tendensiyası ticarət dövriyyəsində də, kredit qoyuluşlarında da müşahidə olunub ki, bütün bu azalmalar başadüşüləndir. Beləki, ilin əvəlindən, koronavirusla bağlı məlum şəraitin meydana çıxmasından, karantin rejiminin, qapanmaların tətbiqindən sonra belə olacağı kimsə üçün şübhəli ola bilməzdi. Yəni, vəziyyətin belə olacağı əvvəlcədən bəlli idi və bu məntiqi nəticə kimi qəbul edilir.
Məsələ burasındadır ki, artım da müşahidə olunub. Qeyd edək ki, artım yalnız, kənd təsərrüfatı, bir də rabitə və informasiya sahələrində olub. Şübhəsiz ki, bu da kənd təsərrüfatında mövsümlə, rabitə və informasiya sahələrində isə karantin rejimində həmin xidmətə tələbatın artması ilə əlaqədardır.
Heç də ÜDM istehsalında 2,7 faiz azalma, makroiqtisadi sabitlik üçün ciddi təhlükə demək deyil hələ. İlin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair iclasdakı çıxışında AMB sədri əmin edir ki, inflyasiya stabildir. Əmin edir ki, valyuta bazarında çalxalanma yoxdur. Mərkəzi bankın sədri öz məruzəsində həmçinin diqqətə çatdlrır ki, ilk 5 ayda 2,9 faizlik inflyasiya səviyyəsi var və 2020-ci ilin sonu üçün də inflyasiya proqnozu 3-3,5 faiz səviyyəsindədir. Nəzərə alsaq ki, Elman Rüstəmovun da dediyi kimi, bu hökumətin proqnozlarından da aşağıdır, deməli biznesin inflyasiya göstəriciləri də sabitləşib və hətta aşağı düşüb.
Məlumdur ki, pandemiya ilə, karantin rejimi ilə bağlı vəziyyət yenə də davam edərsə, ilin ikinci yarısını da əhatə edərsə, təbii ki, azalma davam edəcəyinə şübhə ola bilməz. Bu real olaraq gözləniləndir. Maliyyə naziri də iclas zamanı öz nitqində ehtiyatların yarandığını diqqətə çatdırıb və qeyd edib ki, ehtiyatlar ilin sonuna kimi xərclərlə gəlirlər arasında gözlənilən natarazlığın aradan qaldırılması üçün kifayət etməyəcək. Nazir vurğulayıb ki, məhz bu səbəbdən 2020-ci ilin dövlət büdcəsinə yenidən baxılaraq, düzəlişlər həyata keçiriləcək.
Unutmaq lazım deyil ki, heç də bütün göstəricilər enmədən xəbər vermir. Artım müşahidə olunan, artan xətt üzrə gedən statistik göstəricilərimiz də var. Bunu da nəzərə almaq lazımdır ki, dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 2,9 faiz və ya 338 milyon manat çox icra olunmaqla 12 milyard 23 milyon manat təşkil edib. Xüsusilə, daxilolmalar üzrə proqnoz göstəriciləri İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətində 327 milyon manat və yaxud 8,9 faiz, Dövlət Gömrük Komitəsində isə 98 milyon manat və ya 5,1 faiz artıqlaması ilə icra edilib. Dövlət Neft Fondunun dövlət büdcəsinə transferi üzrə daxilolmalar 100 faiz, digər daxilolmalar üzrə proqnoz isə 15,2 milyon manat çox icra olunub.
Bir məsələ də diqqətdən yayınmamalıdır ki, cari il 1 iyul tarixinə dövlət büdcəsində 292 milyon manat məbləğində və ya proqnozdan 233 milyon manat çox profisit yaranıb. Bu isə o deməkdir ki, bundan sonra da görüləcək işlər, lahiyələr üçün kifayət qədər imkanlar var və bu danılmazdır. Yəni, cari ildə, hesabat dövründə büdcədən maliyyələşdirilməsi nəzərdə tutulan bütün dövlət vəzifələrinin, sosial proqram və layihələrin icrası üçün əsaslı zəmin vardır.
Hal-hazırki durumda heç də bədbinliyə qapılmağa əsas yoxdur. Çünki, digər məqamlarla yanaşı, həm də hazırda neftin dünya bazar qiymətlərində atrım tendensiyası müşahidə olunmaqdadır. Hazırda neftin dünya bazarında qiyməti 40 ABŞ dolları həddindən də yuxarıdır. Bu fakt özü özlüyündə də geniş imlanlar üçün əsaslı zəmin yaradır, həmçinin ölkəmiz üçün, iqtisadi yüksəliş üçün nikbin proqnozlar vəd edir. Əgər bura onu da əlavə etsək ki, dövlət büdcəsinin icrasında hələ də profisit qalır, deməli, bizim nikbinliyimizə kimsənin şübhə etməsinə zərrə qədər haqqı yoxdur.

Digər tərəfdən də, Azərbaycanın valyuta ehtiyatları 52 milyard ABŞ dollarından çoxdur. Bu rəqəm və eyni zamanda bu məqam heç də təsadüfi olmamaqla yanaşı sıradan bir statistik göstərici deyil. Bu arada bir fakta da toxunmaq yerinə düşər ki, ilin birinci yarısında Dövlət Neft Fondunun aktivləri 1 milyard 873,8 milyon dollar artaraq 43 milyard 223,3 milyon dollara çatıb. Əvvəla, dünya çağında ən güclü, ən əzəmətli dövlətlərin belə həddindən artıq borcunun yarandığı bir zamanda bu həcmdə valyuta ehtiyatlarımızın, eləcə də Dövlət Neft Fondunun aktivlərinin olması qürurverici olmaqla yanaşı çox böyük imkanlar deməkdir. Başqa bir tərəfdən də nəzərə almaq lazımdır ki, ölkəmiz bu vaxta qədər özünün valyuta ehtiyatlarından hələ istifadə etməyib. Bir sözlə, bizim hələ valyuta ehtiyatlarımız da var, hətta buna görə yetərincə, kifayət qədər iqtisadi imkanlarımız da, gücümüz də. İndi bizim üçün ən vacib olan odur ki, bütün dünyanı cənginə alan pandemiya tez bir zamanda bitsin və biz öz dinamik inkişaf yolumuza davam edək. Belə bir dinamik inkişaf tendensiyamız da, potensialımız da, hətta əzmimiz də var. Buna ölkə vətəndaşı da səmimi qəlbdən inanır və dövlətini də, dövlət başçısını da, Cənab Prezidentin uğurlu siyasətini də dəstəkləyir və hər zaman birlik nümayiş etdirir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə