"Azərbaycan Avropa bazarında Rusiya ilə rəqabət aparmır" ÖZƏL - AÇIQLAMA
"Azərbaycan Avropa bazarında Rusiya ilə rəqabət aparmır. Bir tərəfdən Rusiyanın payı kifayət qədər çoxdur. İkinci tərəfdən isə Azərbaycan Qərbi və Mərkəzi Avropaya deyil, Cənubi və Şərqi Avropaya öz mavi qazını tədarük edir. Azərbaycanın enerji siyasəti ondan ibarətdir ki, heç bir ölkə ilə rəqabət yaratmadan Avropanın enerji təhlükəsizliyinə töhfə versin". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Vüqar Bayramov deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan öz neftini daha çox Avropaya və xüsusilə də İtaliya bazarına nəql edir: "Nəzərə alsaq ki, Avropanın enerji təhlükəsizliyinin formalaşmasında Azərbaycan xüsusi paya malikdir. Digər tərəfdən Azərbaycanın neft məhsulları Avropa bazarına daxil olur, nəticə etibarilə Azərbaycanın ümumi ticarət dövriyyəsinin yarıdan çoxu Avropanın payına düşür. Eyni zamanda Cənub Qaz Dəhlizinin reallaşması da Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun daha da artırılmasına imkan verəcək. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropa enerji bazarında öz mövqeyini daha da artırmağa imkan qazanacaq. Avropa bazarına birinci mərhələdə 10 milyard, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəql ediləcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyində töhfə verən ölkələrdəndir və Azərbaycan Avropa üçün yeni alternativ mənbədir. Azərbaycanın enerji ixracatı ölkəmizin qitədə və regionda töhfəsinin artmasına gətirib çıxarır. Azərbaycanın regional mövqeyinin daha da möhkəmlənməsinə səbəb olur".
Qeyd edək ki, 2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ixrac olunan xam neftin əsas alıcıları Avropa və Asiya ölkələri olub.
Azərbaycan mənşəli xam neftin ən çox ixrac olunduğu ölkələr siyahısına yenə İtaliya liderlik edib. SOCAR tərəfindən bu ölkəyə 2 mln. 337 min 600 ton həcmində Azərbaycan nefti ixrac olunub. İtaliyanın Azərbaycan neftinin ixracında payı 26,2 faiz təşkil edib. Azərbaycan neftinin ikinci ən böyük alıcısı isə Çin olub. Çin SOCAR-dan 1 mln. 253 min 300 ton Azərbaycan nefti alıb. Azərbaycanın ümumi neft ixracında Çinin payı 14 faiz olub. Hindistan və Vyetnam SOCAR tərəfindən ixrac olunan Azərbaycan neftinin növbəti ən böyük alıcılarındandır. İlin beş ayında Hindistan 640 min 900 ton (7,2 faiz) Vyetnam isə 518 min 800 ton (5,8 faiz) həcmində Azərbaycan nefti alıb.
SOCAR-ın ixrac etdiyi Azərbaycan neftinin növbəti ən böyük alıcılarının siyahısı belədir: Yunanıstan 450 min 100 ton (5 faiz), Ukrayna 432 min 200 ton (4,8 faiz), Xorvatiya 428 min 900 ton (4,8 faiz), İsrail 385 min 500 ton (4,3 faiz), Tailand 335 min 200 ton (3,8 faiz), Çexiya 301 min ton (3,4 faiz).
Azərbaycanın xüsusilə Avropaya enerji tədarükü istiqamətindəki siyasətindən danışan Vüqar Bayramov əlavə edib ki, regionda ən çox enerji tədarükü ilə məşğul olan və Avropa bazarında ən böyük paya sahib olan ölkə Rusiyadır: "Avropanın enerjiyə təlabatının təxminən 40 faizi Rusiya tərəfindən ödənilir. Təbii ki, Azərbaycan Rusiya və "Qazprom"un dominant olmadığı Avropa bazarlarına çıxır. Nəzərə alsaq ki, Cənubi Avropa və eyni zamanda bir sıra Aralıq dənizi ölkələrinə, yəni, Yunanıstana və Şərqi Avropadan Bolqarıstana mavi qazın nəqlindən söhbət gedir. Bu baxımdan Avropada ən böyük tədarükçü Rusiyadır. Lakin, bununla belə Azərbaycan Avropa bazarında Rusiya ilə rəqabət aparmır. Bir tərəfdən Rusiyanın payı kifayət qədər çoxdur. İkinci tərəfdən isə Azərbaycan Qərbi və Mərkəzi Avropaya deyil, Cənubi və Şərqi Avropaya öz mavi qazını tədarük edir. Azərbaycanın enerji siyasəti ondan ibarətdir ki, heç bir ölkə ilə rəqabət yaratmadan Avropanın enerji təhlükəsizliyinə töhfə versin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB