Postpandemiya dövründə Azərbaycan iqtisadi aktivliyi bərpa edəcək - ANALİZ
"Dünya iqtisadiyyatının azalma tempi davam edir. Xüsusən ABŞ-da Covid-19-a yoluxanların sayında müşahidə edilən artımlar dünya iqtisadiyyatına birbaşa təsir göstərir. Eyni zamanda bir sıra ölkələr daxili uçuşları bərpa ediblər, əsasən də Avropa Birliyi bir sıra ölkələrə uçuş imkanı yaradıb. Həmçinin Avropa Birliyi ölkələrində sərt karantin rejiminin yumuşaldılması müşahidə olunur. Amma pandemiyaya qarşı mübarizə kontekstində bir sıra qaydalar və həmin qaydalar çərçivəsində fəaliyyətlər tənzimlənir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Avropa ölkələrində ictimai iaşə və xidmət sektorunda da yeni qaydalar tətbiq olunur ki, bu da ümumi dövriyyəyə təsir göstərir: "Bu baxımdan dünya iqtisadiyyatında azalma tempi var. Güman olunur ki, 2020-ci ildə qlobal iqtisadiyyatda azalma qeydə alınacaq. İlkin proqnozlara görə pandemiyanın davam edəcəyi halda dünya iqtisadiyyatında təxminən 9 faizə yaxın azalma qeydə alınacaq. Ötən il beynəlxalq maliyyə qurumları dünya iqtisadiyyatında 2,5 faiz artım proqnozlaşdırılır. Amma pandemiya bütün bu proqnozları alt-üst edib".
V.Baramov bildirib ki, Azərbaycan isə birinci yarımili iqtisadiyyatda azalma ilə başa vursa da belə, qeyri-neft sektorunda və aqrar sektorda, qeyri-neft sənayesində 11 faiz, həmçinin Kənd Təsərrüfatında 2,2 faiz artım qeydə alınıb ki, bu da karantin rejiminin tətbiq edilməsinə baxmayaraq qeyri-neft sektorunun iqtisadiyyatdakı drayver rolunun artdığından xəbər verir: "Eləcə də büdcə daxilolmalarında proqnozdan daha çox vəsaitin büdcəyə cəlb edilməsi reallaşıb. Bu da təbii ki, fizikal öhdəliklərin yerinə yetirilməsi baxımından pozitiv hesab olunur. Amma təbii ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirləri var. Bu özünü ümumdaxili məhsulda azalmada ifadə edir. Lakin pandemiyanın təsirlərinə baxmayaraq Azərbaycanın mövcud iqtisadi imkanları və potensialı pandemiyanın təsirlərini minimumlaşdırmağa kömək edir. Bu isə ondan xəbər verir ki, post-pandemiya zamanı Azərbaycan daha qısa zamanda iqtisadi aktivliyi bərpa edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB