Məcburi köçkünlərin sosial problemlərinin həllinə dəstək təqdirəlayiqdir - ŞƏRH ÖZƏL

"Məcburi köçkünlərin sosial problemləri Azərbaycan hökuməti üçün prioritet məsələlərdən biridir. Nəzərə alsaq ki, ötən müddət ərzində 100-dən artıq məcburi köçkün şəhərcikləri salınıb ki, bu da 300 mindən artıq məcburi köçkün vətəndaşımızın evlə təmin olunması deməkdir. Eyni zamanda 1993-2019-cu illərdə məcburi köçkünlərin sosial problemlərinin həlli üçün 8 milyard manata yaxın vəsait ayrılıb. Onlardan 3,5 milyard manatdan çoxu dövlət büdcəsinin payına düşüb, 2,5 milyard manat vəsait Dövlət Neft Fondu tərəfindən məcburi köçkünlərin sosial məslələrinin həlli üçün ayrılıb. Həmçinin digər humanitar qurumlar tərəfindən də təxminən 1,4 milyard manatlıq vəsaitin bu istiqamətdə ayrılması qeydə alınıb". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bütövlükdə ayrılan rəqəm eyni zamanda məcburi köçkünlərin sosial, eləcə də mənzil problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlər göstərir ki, məcburi köçkünlərin sosial və iqtisadi problemlərinin həlli Azərbaycan hökumətinin diqqət mərkəzindədir və Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas hədəflərindən biri də məhz məcburi köçkünlərin sosial baxımdan təminatının gücləndirilməsinə xidmət edir: "Bu baxımdan məcburi köçkünlərə mütəmadi olaraq dövlət qayğısının artmasını müşahidə edirik. Bu həm özünü bu istiqamətə ayrılan sosial vəsaitlərdə, o cümlədən həyata keçirilən və maliyyələşdirilən proqramların sayının artmasında, eyni zamanda məcburi köçkünlərin, xüsusən də mənzil təminatının yaxşılaşdırılmasında müşahidə edirik".

V.Bayramov bildirib ki, məcburi köçkünlər üçün mənzil təminatının yaxşılaşdırılması vacib məqamlardan biridir və biz də mütəmadi olaraq bu istiqamətdə yeni tədbirlərin və yeni şəhərciklərin salınmasını müşahidə edirik: "Qobuda artıq üçüncü şəhərciyin salınması ondan xəbər verir ki, məcburi köçkünlərin mənzil probleminin həlli istiqamətindəki fəaliyyətlər davam etdiriləcək. Bununla bağlı siyasi iradə var. Pandemiya səbəbindən neftin dünya bazarında qiymətinin aşağı olmasına baxmayaraq bu istiqamətdə ayrılan vəsaitin həcminin azaldılmaması, hətta bu istiqamətdə daha çox vəsaitin ayrılmasının təmin olunması da ondan xəbər verir ki, həssas dönəmlərdə belə məcburi köçkünlərin mənzil və sosial vəziyyətinin yaxşılaşdırılması Azərbaycan üçün prioritet olaraq qalmaqdadır. Azərbaycan hökuməti növbəti dövrlərdə də məcburi köçkünlərin yaxından dəstəklənməsini həyata keçirəcək və bu siyasət davam etdiriləcək. Məcburi köçkünlərin mənzil, sosial eləcə də iqtisadi problemlərinin həlli istiqamətində həyata keçirilən, nümayiş etdirilən dəstək təqdirəlayiqdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə