Kartdan karta yalnışlıqla pul köçürmüşüksə, nə etməliyik? - AÇIQLANDI

Kartdan karta yalnışlıqla pul köçürmüşüksə, nə etməliyik? - AÇIQLANDI

Kartda yanlışlıq var. Yəni bir nəfərin əvəzinə başqa şəxsin hesabına pul köçürmüsünüz. Məsələn, hansısa rəqəmin yerinə başqa rəqəm yazmısınız və nəticədə pul başqa şəxsin bank hesabına, kartına gedib. Bu halda vətəndaş nə etməlidir?

Bu barədə SİA-ya bank məsələləri üzrə ekspert Əkrəm Həsənov danışıb.

O bildirib ki, vətəndaş öz bankına müraciət etməlidir. Bildirməlidir ki, səhv edib və pul başqa hesaba köçürülüb. Bank haradan bilsin ki, vətəndaş səhv edib pul köçürüb? Buna görə də pulu köçürən şəxsin bankı vəsaiti qəbul edən bankla əlaqə saxlamalıdır:

“Tutaq ki, A bankı mənim bankımdır, B bankı isə pul köçürdüyüm şəxsin bankıdır. A bankı B bankına müraciət edir və bildirir ki, bu hesaba pul köçürülüb, lakin əməliyyat səhvən həyata keçirilib. Vəsaitin geri qaytarılması xahiş olunur. B bankı da öz müştərisinə müraciət edərək bildirir ki, pulun səhvən köçürüldüyü deyilir və vəsait geri qaytarılmalıdır.

Əgər həmin şəxs pulu qaytarmağa razı olarsa, məsələ həll olunur. O, pulu könüllü şəkildə geri qaytarır və B bankı vəsaiti yenidən A bankına köçürür.

Amma ola bilər ki, B bankının müştərisi pulu qaytarmaqdan imtina etsin. Bu halda B bankı A bankına bildirir ki, müştəri vəsaiti geri qaytarmaq istəmir.

Bəs bu halda vətəndaş nə etməlidir? Artıq məhkəməyə müraciət etməlidir. Yəni bu vəziyyətdə başqa yol qalmır.

Vətəndaş məhkəməyə B bankına qarşı iddia qaldırır. Çünki vəsaiti qəbul edən şəxsin kim olduğunu bilmir. Bank da həmin şəxsin məlumatlarını birbaşa digər banka təqdim etməyə bilər. Beləliklə, vətəndaş iddiasını B bankına qarşı yönəldir.

Məhkəmə prosesində B bankı bildirəcək ki, vəsaiti özü qəbul etməyib, sadəcə həmin şəxsin hesabına köçürüb. Bu halda vətəndaş iddiasına dəyişiklik edərək B bankının müştərisinin adını iddiada göstərməli olacaq.

Məhkəmə həmin şəxsdən də soruşacaq ki, pulu niyə qaytarmır və hansı əsasla həmin vəsaitin ona məxsus olduğunu iddia edir. Məsələn, həmin şəxsdən soruşula bilər ki, pulu köçürən şəxsi tanıyırmı, onunla hər hansı borc münasibəti varmı və ya pulun köçürülməsi üçün başqa əsas mövcuddurmu?

Nəticədə məsələni yenə məhkəmə həll edir. Əgər pulun həqiqətən səhvən köçürüldüyü müəyyənləşdirilərsə, məhkəmə vəsaitin geri qaytarılması barədə qərar çıxara bilər.

Ancaq ola bilər ki, pul səhvən köçürülməyib. Məsələn, siz kiməsə pul göndərmək istəmisiniz, həmin şəxslə aranızda borc münasibəti olub. Sonradan aranızda problem yaranıb və siz gəlib deyirsiniz ki, pulu səhvən köçürmüsünüz.

Belə bir ehtimal da var. Buna görə də səhvən köçürülmüş pulun geri qaytarılması proseduru o qədər də asan deyil”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə