“ABŞ-da aralıq seçkilər Trampın siyasi manevr imkanlarını müəyyənləşdirəcək“ -ŞƏRH
“ABŞ Konqresinə keçiriləcək aralıq seçkilər Donald Trampın ikinci prezidentlik dövrünün siyasi istiqamətinə təsir göstərə biləcək mühüm hadisədir. Seçkilərdə Nümayəndələr Palatasının bütün 435 üzvü və Senatın 35 üzvü seçiləcək. Əsas mübarizə respublikaçıların Konqresdəki üstünlüyünü qoruyub saxlaması, yoxsa demokratların qanunverici hakimiyyətin ən azı bir palatasına nəzarəti ələ keçirməsi ətrafında gedir”.
Bu sözləri politoloq Rəşad Bayramov ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilərlə bağlı SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, oktyabrın ortalarına olan sorğular və proqnozlar demokratların Nümayəndələr Palatasında irəliləmək imkanlarının yüksək olduğunu, Senatda isə nəticənin daha çox ayrı-ayrı ştatlarda keçiriləcək rəqabətli yarışlardan asılı qalacağını göstərir.
Politoloq bildirib ki, seçkilərin əsas müəyyənedicisi iqtisadi vəziyyət olacaq. İnflyasiya, yanacağın qiyməti, yaşayış xərcləri və əhalinin alıcılıq qabiliyyəti seçicilərin qərarına təsir edən başlıca məsələlər sırasındadır. Tramp administrasiyası iqtisadi siyasətini, vergi güzəştlərini və sərhəd təhlükəsizliyi tədbirlərini müdafiə etməyə çalışır. Demokratlar isə qiymət artımını və hökumətin iqtisadi siyasətinə dair narazılığı respublikaçılara qarşı əsas arqument kimi istifadə edirlər.
Rəşad Bayramov qeyd edib ki, İranla müharibənin yaratdığı narahatlıqlar və enerji bazarındakı dəyişikliklər də seçki mühitinə təsir göstərir. Onun fikrincə, prezidentin reytinqinin aşağı olması və yaşayış xərclərinin yüksəkliyi demokratların mövqeyini gücləndirsə də, bu üstünlüyün böyük qələbəyə çevrilməsinə mane ola biləcək amillər də mövcuddur.
Politoloqun qənaətinə görə, Nümayəndələr Palatasında demokratların üstünlük əldə etməsi daha real görünür. Ümumi Konqres səsverməsi üzrə sorğularda demokratların respublikaçıları 8,8 faiz qabaqladığı bildirilir. Bununla belə, namizədlərin şəxsi nüfuzu, kampaniyaların maliyyələşdirilməsi və seçici fəallığı yekun nəticəyə təsir göstərə bilər.
Senat uğrunda mübarizəyə toxunan politoloq vurğulayıb ki, bu yarış daha çətin və strateji əhəmiyyət daşıyır. Hazırda respublikaçıların Senatda 53, demokratların isə 47 təmsilçisi var. Demokratların Senata nəzarəti əldə etməsi üçün ən azı dörd mandat qazanması lazımdır. Corciya, Miçiqan, Men, Şimali Karolina, Ohayo, Alyaska və Texas kimi ştatlarda keçiriləcək yarışlar bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
O bildirib ki, respublikaçıların rəqabətli ştatlara böyük maliyyə resursları yönəltməsi demokratların sorğulardakı üstünlüyünü real mandatlara çevirməsini çətinləşdirə bilər.
Rəşad Bayramovun sözlərinə görə, seçkilərin nəticələri ABŞ-ın daxili və xarici siyasətinə də təsir göstərə bilər. Demokratlar Nümayəndələr Palatasına nəzarəti əldə etsələr, administrasiyanın büdcə qərarlarına, qanunvericilik təşəbbüslərinə və fəaliyyətinə nəzarət imkanları genişlənəcək. Respublikaçıların hər iki palatada üstünlüyünü qoruması isə Trampın qanunvericilik gündəliyini irəli aparmasını asanlaşdıra bilər.
“Bununla belə, Konqresin tərkibində dəyişiklik ABŞ-ın xarici siyasətinin avtomatik şəkildə dəyişəcəyi anlamına gəlmir. Xüsusilə təhlükəsizlik və beynəlxalq münasibətlər sahəsində prezidentin icra hakimiyyəti səlahiyyətləri mühüm rol oynamaqda davam edəcək. Ümumilikdə, bu seçkilər yalnız Konqresdə qüvvələr nisbətini deyil, Tramp administrasiyasının prezidentlik müddətinin qalan hissəsində siyasi manevr imkanlarını da müəyyənləşdirəcək”, – deyə politoloq əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB