"İslahatlar iqtisadiyyatda şəffaflığın genişləndirilməsinə xidmət edir" - ŞƏRH ÖZƏL

“Son illər həyata keçirilən dərinləşmiş islahatlar kölgə iqtisadiyyatının payının minimumlaşdırılmasına və iqtisadiyyatda şəffaflığın genişləndirilməsinə xidmət edir. Bu da təbii ki, qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar yaradıb. Nəzərə alsaq ki, 2020-ci ilin birinci rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21,3 faiz artıb ki, bu da 1,4 milyard manat daxilolma deməkdir. Eyni zamanda qeyri-rəsmi məşğulluğun azaldılması istiqamətində fəaliyyətlər genişlənib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2019-cu ildə 153 min yeni əmək müqaviləsi bağlanıb ki, bunun da 99 mini özəl sektorun payına düşür: “Bütövlükdə 2019-cu ildə və 2020-ci ilin ilk rübünə diqqət yetirsək görərik ki, 172 mindən çox əmək müqaviləsi bağlanıb. Eyni zamanda pandemiya dövründə biz dövlət və özəl sektorda çalışan vətəndaşlarımıza dövlət tərəfindən birbaşa dəstəyi müşahidə etdik. Hər iki sektorda çalışan 1 milyon 660 min vətəndaşımızın məşğulluğunun, onların işsizlik riskinin qorunub saxlanması üçün dövlət tərəfindən birbaşa maliyyə yardımı həyata keçirilib. Nəticə etibarilə pandemiyanın həmin vətəndaşlarımıza təsirlərinin minimumlaşdırılmasına gətirib çıxarıb. Həmçinin sahibkarlar üçün güzəştli kredit paketlərinin artırılması, eləcə də faydalı subsidiyaların verilməsi müşahidə olunub ki, bu da sahibkarların həm birbaşa, həm də dolayı dəstəkdən istifadə imkanları deməkdir”.

Ekspert bildirib ki, Azərbaycanda həyata keçirilən dəstək paketinin digər strateji özəlliyi ondan ibarət idi ki, məhz bu paket qeyri-rəsmi məşğulluqda çalışan vətəndaşlarımıza da dövlət dəstəyi təklif edib: “Belə ki, ölkə Prezidentinin tapşırığı ilə 600 min vətəndaşımıza 190 manat birdəfəlik yardım həyata keçirilib. Bunların bir qismi kölgə iqtisadiyyatında çalışan vətəndaşlarımız idi. Amma dövlət həmin şəxslərə də birbaşa maliyyə dəstəyi həyata keçirib. Həm işləməyən, həm də qeyri-rəsmi məşğulluqda və eyni zamanda muzdla çalışan vətəndaşlarımıza olan dövlət dəstəyi bir daha ondan xəbər verib ki, Azərbaycan üçün post-pandemiya dövründə iqtisadiyyatın ağarması, qeyri-leqal iqtisadiyyatın azaldılması prioritet istiqamətlərdən biri olacaq. Bu baxımdan təbii ki, post-pandemiya dövründə biznesin də dövlətin həyata keçirdiyi siyasətə birbaşa dəstək olması və iqtisadiyyatın şəffaflığı istiqamətində aparılan islahatların daha yaxından dəstəklənməsi vacibdir”.

V.Bayramov vurğulayıb ki, pandemiya dövründə dövlət vətəndaşların, sahibkarların yanında olub, onlara birbaşa dəstək nümayiş etdirib: “Post-pandemiya dövründə sahibkarların məhz şəffaflığın genişləndirilməsi, qeyri-rəsmi məşğulluğun miqyasının minimumlaşdırılması, gizli iqtisadiyyatın payının azaldılması ilə bağlı islahatlara və təşəbbüslərə dəstək olması, daha şəffaf fəaliyyət göstərməsi çox vacibdir və təbii ki, dövlət-vətəndaş həmrəyliyi kölgə iqtisadiyyatından məhz qeyri-leqal istisadiyyatdan leqal iqtisadiyyata tam çıxışı təmin edəcək. Bu da öz növbəsində imkan vərəcək ki, məhz pandemiya dövründə müşahidə edilən həmrəylik, post-pandemiya dövründə də biznesin bu islahatlara dəstəyi formasında müşahidə olunsun. Bütün bunlar istlahatlara biznes daxil olmaqla cəmiyyətin böyük bir dəstəyinin post-pandemiya dövründə də davam edəcəyindən xəbər verir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə