SOCAR-ın Gürcüstandakı terminalından 12 ildə daşınan məhsulun həcmi açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kulevi neft terminalından (Qara dəniz, Gürcüstan) ötən 12 il ərzində 26,9 mln. ton neft və neft məhsulları qəbul edilib, 26,6 mln. ton məhsul isə yola salınıb.

Bu barədə Kulevi “Black Sea” terminalı xəbər verir.

Bu müddətdə 418,6 min ton məhsul aşırılıb, 14,6 min ton həcmində məhsul dəmiryolu sisternlərinə yüklənilib.

Ümumilikdə, bu müddətdə 1 802 gəmi vasitəsilə xidmət göstərilib, bunlardan 1 592-si yüklənilmiş, 210-u isə boşaldılmış tanker olub.

Qeyd edilib ki, Kulevi neft terminalı və limanında əməliyyatlar 2008-ci il mayın 16-da başlanıb və bir aydan da az müddət sonra ilk tanker qəbul edilib.

Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə SOCAR tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə