Neftin qiyməti necə olacaq? TƏHLİL

Pandemiyanın bütün dünyanı öz təsiri altına aldığı bir zamanda neftin qiymətlərində bu qədər enmə elə pandemiyanın özü qədər dünyanı narahat edən məsələyə çevrilib. Çünki, dünyanın superdövlətlərindən tutmuş ən xırda neft hasil edən ölkələrinə qədər belə bir şəraitdə ən vacib və maraqlı məsələlərdən biri elə neftin qiymətidir. Mövcud şəraitdə ən aktual məsələnin məhz qiymət olduğu özünü OPEC+ ölkələrinin razılaşmasında daha qabarıq şəkildə göstərdi.

Sual doğuran məqamlar çoxdur. Təkcə ayrı-ayrı ölkələrin deyil, bütövlükdə dünya iqtisadiyyatı özü belə hal-hazırda suallar qarşısındadır. Çünki, mövcud pandemiyanın fonunda bir də neftin ucuzlaşması heç də dünya dövlətləri, ələlxüsus neft hasil edən ölkələr üçün arzuolunan deyil. İndi OPEC+ ölkələrinin razılaşmasından sonra ən böyük sual odur ki, görəsən neftin qiyməti yenidən bahalaşacaqmı?

Neftin qiymətinin bahalaşacağı, yaxud bahalaşmayacağı barədə kəskin şəkildə fikir söyləmək olmaz. Amma ucuzlaşmanın ola biləcəyi kimi, bahalaşmanın da mümkünlüyünü heç cür təkzib etmək olmaz. Çünki, dünya ictimaiyyəti hər iki halın dəfələrlə şahidi olub. Özü də bu hallar gözlənilmədən və proqnozlaşdırılmadan baş verib. Deyək ki, pandemiya ilə əlaqədar ucuzlaşmanı bəlkə də proqnozlaşdıranlar olub. Lakin, ABŞ-İran münasibətlərindəki gərginliyin fonunda neftin qiymətlərinin bahalaşacağı heç kimin ağlına belə gəlməzdi və hər kəs bunun əyani şahidi oldu. Özü də ən yaxın keçmişdə şahidi oldu və qiymətlərin artımından təəccübünü çoxları gizlətmədi də.

Bəlkə də bu arada, yəni, dünyanın başının məlum xəstəliyə, koronavirus adlı bəlaya qarışdığı zamanda qiymətlərin bahalaşacağı barədə mülahizələr absurd səslənə bilər. Ümumiyyətlə, bu məsələyə skeptik və aqressiv yanaşanlar da tapılar və iddia edərlər ki, indi planetimiz xəstəliklə mübarizə aparır, neftin qiymətinin qalxması və enməsi ilə yox. Amma hər kəs etirqaf etmək məcburiyyətindədir ki, çox da uzaq keçmişdə deyil, əsrin əvvəllərindən bu vaxta qədər belə hallar, ucuzlaşma və ardınca bahalaşma dəfələrlə müşahidə edilib və həmin proserslər məhz quş qripi, donuz qripi və digər dünyanı bürüyən xəstəliklərin fonunda müşahidə edilib. Bir sözlə, pandemiya və xəstəliklərlə bağlı mövcud problemlər qiyamətlərin enməsi və qalxması üçün maneə ola bilməz.

Hal-hazırda axı söhbət təkcə neftin qiymətlərinin bahalaşdırılmasından getmir. Müzakirə mövzusu təkcə qiymət artımı, neftin qiymətinin bahalaşması deyil. Bunun əksi də həyəcan siqnalı doğuran məqamdır və indi bu da, yəni, neftin qiymətinin ucuzlaşması kimi arzuolunmaz hal özü də gözləniləndir. İndi əsas məqsədlərdən biri də, qiymətlərin ən azından kəskin şəkildə enişinin qarşısını almaq və ifrat ucuzlaşmaya son qoymaqdır.
Qiymətlərin 20 dollar səviyyəsinə enməsi heç də son hədd sayıla bilməz və hətta qiymətinin daha aşağı düşmək təhlükəsi ilə də qara qızıl üz-üzədir. Burada qeyri-adi heç nə yoxdur və qiymətlərin bundan da aşağı düşmə ehtimalının olmaması, yaxud düşməyəcəyi barədə kimsə zəmanət verə bilməz. Çünki, neftin son qiymətindən, daha doğrusu 20 dollardan da aşağı olduğunun cəmiyyət şahidi olub və bu heç də uzaq keçmişə təsadüf etmir. Heç kim üçün sirr deyil ki, XXI əsrin başlanğıcında, daha dəqiq desək, 2001-ci ildə qara qızılın qiyməti 17-18 dollar səviyyəsində olub. Bir sözlə, neftin qiymətinin daha da “fəlakətli” qiymətə düşmə ehtimlı danıla bilməz.

Əslində, hazırki qiymətlərin, yəni, neft qiymətlərinin elə 20 dollar həddində olması özü də “fəlakətli” qiymət sayıla bilər. Çünki, dolların heç də əsrin əvvəllərindəki məzənnəsi hazırki məzənnə ilə müqaisəyə gələn deyil. Daha dıqiq desək, əsrin əvvəllərində 17, 18 dollar hazırki 20 dollardan daha çox alıcılıq qabiliyyətinə malik idi və milli valyutaya mübadilədə də hardasa indiki halda 30 dollar səviyyəsi ilə eyni olur. Elə bu baxımdan da neftin hazırki qiymətlərinə haqlı olaraq “fəlakətli” qiymət də demək olar.

Bu qiymət həddinə əbəs yerə “fəlakətli” qiymət kimi yanaşmırıq, çünki neft ixrac edən bütün ölkələr üçün bu elə sözün əsl mənasında iqtisadiyyatın sıxıntısı hesab oluna bilər. Bir də təsəvvür edəndə ki, bütün dünya pandemiya bəlası ilə qarşılaşıb vəziyyətin bir az da ağır olduğu ortaya çıxır. Çünki, onsuz da məlum pandemiya səbəbindən itgilərlə qarşılaşan ölkələr üçün neftin qiyməti daha böyük maraq dairəsindədir.
Neftin qiymətinin aşağı düşməsinin fonunda bir tərəfdən də ABŞ və Rusiyanın narahatlığı dünyanın diqqətini çəkməyə bilməzdi. ABŞ prezidenti ilə Rusiya prezidentinin 31 mart tarixində telefon danışığı vasitəsilə neftin qiyməti ilə bağlı müzakirələri heç də təsadüfi deyildi və neftin qiymətinin aşağı düşməsi məsələsinin hər iki dövlətin narahatlığına səbəb olduğu özünü açıq-aşkar biruzə verir. Çünki, qara qızılın qiymətindəki belə bir eniş heç bir superdövlət üçün belə arzuolunan deyil. ABŞ-ın özündə də neftin qiymətinin belə olduğu təqdirdə neft sənayesinin çökmə qorxusu var. Rusiya üçün də bu qiymətlər makroiqtisadi göstəricilərin aşağı düşməsi kimi xoşagəlməz nəticələr vəd edir. Belə məlum olur ki, əgər Rusiya və ABŞ kimi ölkələr narahatdırsa, deməli, bütün dünya iqtisadiyyatı üçün də bu vəziyyət heç də arzuolunan ola bilməz.

Bəllidir ki, OPEK+ ölkələri neftin qiymətinin tənzimlənməsində maraqlıdır və hər zaman bu xüsusda diqqəti cəlb edib. Lakin, hal-hazırda ən çox diqqəti çəkən məqam isə, bu zamana qədər OPEK+ ölkələrinin mövqeyinə qarşı gələn ABŞ-ın indi bu maraqlara xidmət etməsidir. İndi vəziyyət tamamilə başqa bir məcrada görünür. Beləki, OPEK+ ölkələrinin bir araya gəlməsində ABŞ-ın rolunu və maraqlı olduğunu indi bütün dünya ictimaiyyəti müşahidə edir. Müşahidə edir ki, bir zaman neft qiymətlərinə tamamilə saymazyana yanaşan ABŞ indi heç də müşahidəçi mövqedə deyil və məqsəd xam neft üzrə dünya bazarında nəzarətsizliyə yol verməməmək, parçalanmaların qarşısını almaqdır. OPEK+ ölkələrinin bir araya gəlməsinə ABŞ-ın maraq göstərməsi isə əbəs yerə deyil. Çünki, Birləşmiş Ştatlar yaxşı başa düşür və bilir ki, OPEK+ tənzimləyici gücə malikdir və bu gücü də 2017-2019-cu illər ərzində əyani şəkildə göstərib. Başda Donald Tramp olmaqla rəsmi Vaşinqton çox gözəl bilir ki, 2014-2016-cı illərdə də neftin ucuzlaşmasının qarşısını OPEK+ ölkələri ala bildi. Bir zaman, daha dəqiq desək 2017-2019-cu illərdə OPEK+ əleyhinə olan Amerikanın indi OPEC+ ölkələrinin məlum parçalanmadan sonra martın əvvəllərində təkrar bir araya gəlməsində həlledici rol oynaması özü-özlüyündə təsdiq edir ki, deməli, başda ABŞ olmaqla bütün dünya neftin qiymətlərinə nəzarət edilməsində maraqlıdır. Ən azından ölkələr qara qızılın qiymətinin daha da aşağı düşməməsini arzu edir və neftiin qiyməti indi hamının maraq dairəsindədirsə bu özü nikbin proqnozlar verməyə əsas verir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə