Büdcəyə əlavə daxilolmalar hansı resurslar hesabına formalaşıb? ÖZƏL - AÇIQLAMA

Büdcəyə əlavə daxilolmalar hansı resurslar hesabına formalaşıb? ÖZƏL - AÇIQLAMA

"Birinci rübdə Dövlət Neft Fondu daha çox dollar satışını həyata keçirməli olub. Həmin dollar satışı həyata keçirilən zaman əldə olunan vəsait də büdcəyə daxil olub". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisadi məsələlər üzrə ekspert Azər Mehtiyev keçən il büdcəyə proqnozlardan əlavə 1 milyard manatdan çox, bu ilin üç ayı ərzində isə əlavə 300 milyon manatdan artıq vəsaitin daxil olması ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, büdcəyə daxilolmalar əsasən Dövlət Neft Fondundan transferlər hesabına həyata keçirilib: "Büdcəyə əlavə daxilolmalar Dövlət Nefti Fondundan transferlər hesabına gerçəkləşir və aydın məsələdir ki, neftin qiyməti ilə bağlı yaranan narazıçılıq səbəbi ilə insanların dollara təlabatı artdıqca, birinci rübdə Dövlət Neft Fondu daha çox dollar satışını həyata keçirməli olub. Həmin dollar satışı həyata keçirilən zaman əldə olunan vəsait də büdcəyə daxil olub. Bu dövlət büdcəsinə transferlər hesabına dollar satışı həyata keçirilib və daxilolmalar da bunun hesabına yaranıb".

Pandemiya ilə əlaqədar hazırkı vəziyyəti dəyərləndirən iqtisadçının fikrincə karantin rejimi ilə əlaqədar əlavə sosial yardım paketləri də büdcə üçün əlavə yük hesab olunur: "İndiki vəziyyətdə pandemiya ilə əlaqədar müəssisələrin fəaliyyəti dayanıb, ona görə də büdcəyə daxilolmaların azalması da qaçılmazdır. Çünki, hazırda büdcəyə əlavə sosial yük də gəlib. Karantin rejimi ilə bağlı insanlara əlavə sosial yardım paketləri göstərilib və bu da büdcəyə əlavə yükdür. Bu zamanda nəzərə alsaq ki, dünya bazarında neftin qiymətinin də aşağı düşməsi və digər məsələlər dövlət büdcəsinə yenidən baxılmasını zəruri edir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə