Azərbaycan vətəndaşı dövlət başçısının qayğısı və dəstəyi ilə əhatə olunub TƏHLİL

Dövlət dəstəyi proqramları iqtisadi aktivliyin qorunub saxlanması üçün mühüm əhəmiyyət kəsb edir

Bütün dünyanı cənginə alan koronavirusun bütövlükdə dünya iqtisadiyyatına vurduğu və hələ də vurmaqda davam etdiyi zərərli təsirlərini dövlətlər birlikdə və ayrı-ayrılıqda aradan qaldırmağa çalışır. Çünki bu artıq elə bir dünya böhranına çevrilib ki, bunu nə 2008-2009-cu illər, nə də 2014-2016-cı illərdəki böhranla müqaisə etmək olmaz. Belə bir etirafı beynəlxalq maliyyə qurumları, ticarət təşkilatları da edir və bu dəfəki böhranın əvvəlkilərdən daha ağır olacağı proqnozlaşdırılır.
Təbii ki, neftin qiymətinin düşməsi özü özlüyündə neft ixrac edən ölkələr üçün onsuz da itkilər deməkdir və unutmaq lazım deyil ki, 2014-2016-cı illərdə neftin qiymətinin aşağı düşməsi ölkəmizin 11 milyard dollar rəsmi valyuta ehtiyatı itirməsi ilə nəticələndi. İndi isə vəziyyət daha ağırdır və neftin dünya bazarında qiymətinin aşağı düşməsi ilə yanaşı həm də koronavirus kimi pandemiyanın meydana gəlməsi gərginliyi, çətinliyi bir az da artırır. Belə bir xəstəliyin, bir növ bəlanın fonunda əlbəttə ki, özəl sektorun, ələlxüsus, turizm, mehmanxana biznesinin yox dərəcəsinə enməsi, ictimai-iaşə öbyektlərinin, kafe və restoranların, ticarət mərkəzlərinin, nəqliyyat sektorunun çətin vəziyyətə düşməsi durumu daha da ağırlaşdırır. Bu halda isə dövlət büdcəsinə daxil olan gəlirlərin azalması, ölkə iqtisadiyyatına mənfi təsirlər danılmazdır. Belə bir şəraitdə dövlət üstəlik sadalanan sektorlar üzrə sahibkarlıq subyektlərinə müvafiq köməkliklər göstərir ki, bu da öz növbəsində hər bir ölkə üçün ağır yükə çevrilir.
Sözsüz ki, bütün bu yüklərə rağmən iqtisadiyyata maliyyə dəstəyi göstərmək tələb olunur. Əvvəla ona görə ki, ölkə iqtisadiyyatının müxtəlif sektorları bu dövr müddətində sıradan çıxmasın və pandemiya, eləcə də neftin qiyməti ilə bağlı böhranlı vəziyyət aradan qalxdıqdan sonra həmin sektorlar öz əvvəlki axarı ilə davam etsin və dinamik inkişafı təmin olunsun. Digər tərəfdən də ölkə özəl sektorda çalışan, sahibkarlıqla məşğul olan vətəndaşların, eləcə də onlarla birgə muzdla çalışanların belə bir şəritdə yanında olmağı, dəstək göstərməyi vacib hesab edir ki, bu da öz növbəsində sözsüz ki, dövlət qayğısının isbatı, ölkəmizdə vətəndaş amilinin öndə olmasının bariz nümunəsidir. Bu baxımdan xüsusilə qeyd etmək yerinə düşərdi ki, ölkə başçısının, Cənab Prezident İlham Əliyevin iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirləri azaltmaqla bağlı bir sıra tədbirlərin görülməsi barədə imzaladığı sərəncamın əhəmiyyəti olduqca böyükdür.
Ölkə başçısının imzaladığı sərəncamla cari ilin dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb ki, əvvəla bu ölkəmizin maliyyə ehtiyatlarının, imkanlarının olduğundan xəbər verir. Əlbəttə ki, Azərbaycanın mövcud valyuta ehtiyatlarının 52 milyard dollardan artıq olması bu imkanların, ölkə iqtisadiyyatında müsbət göstəricilərin, yaxşı nəticələrin olduğunu təsdiq edir. Bu ölkə başçısının son müsahibəsində də öz təsdiqini tapır.
"Biz bu ili çox yaxşı nəticələrlə, göstəricilərlə başlamışıq. İnflyasiya cəmi 2,8 faizdir, əhalinin gəlirləri isə 9 faizdir. İqtisadiyyat 2,8 faiz artıb, amma qeyri-neft sektorunda bu 6,7 faizdir. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artıb. Vergi və gömrük orqanları proqnozdan əlavə 250 milyon manat vəsait toplayıblar. Ancaq biz yaxşı başa düşürük ki, bu tendensiyaya sanki məhdudiyyət qoyulur. Çünki, biz indi bu templərlə arta biləmərik. Ona görə iqtisadi vəziyyətin sabit saxlanması üçün həmin vəsaitdən istifadə olunacaq", deyən Cənab prezident İlham Əliyev sözsüz ki, vətəndaşları əmin edir ki, iqtisadiyyata dəstək üçün müvafiq mexanizm istifadə olunacaq və stimullaşdırıcı tədbirlər məqsədilə iqtisadiyyatın bilavasitə müvafiq sektorlarında işgüzar fəallığa dəstək göstərmək üçün addımlar atılacaq.
Təbii ki, indi bütün dünyanı öz cənginə alan koronavirusun ölkə iqtisadiyyatına vurduğu və hələ də vurmaqda olduğu zərərləri, bununla yanaşı neftin dünya bazarında qiymətinin aşağı düşməsinin yaratdığı təsirləri aradan qaldırmaq, eləcə də bütün bunlardan sığortalanmaq üçün düzgün istiqamətlər seçilərsə, ayrılan 1 milyard manat yetərli olar. Bu məbləğin, yəni ayrılan vəsaitin lazımi və düzgün istiqamətdə xərclənməsi əsas şərtdir və görünən odur ki, ölkə başçısının rəhbərliyi ilə istiqamət də düzgün seçilib.
Hazırda 1 milyard manat vəsaitin ayrılması və 4 işçi qrupunun yaradılması ilə əlaqədar Azərbaycan Prezidenti Cənab İlham Əliyevin verdiyi sərəncamda əsas məqsəd sahibkarların da bu prosesdən minimum təsirlənməsi və bu proseslərdə vətəndaşlara iqtisadi cəhətdən təsirin minimuma endirilməsi ilə bağlı dövlət dəstəyi proqramlarının hazırlanması ilə bağlıdır. Sözsüz ki, vətəndaşın sağlamlığının qorunması ön plandadır. Lakin, iqtisadi dəstək proqramları kifayət qədər düşünülmüş və əsaslanmış proqramlardır ki, bu Azərbaycanda iqtisadi aktivliyin qorunub saxlanması üçün kifayət qədər mühüm əhəmiyyət kəsb edir.
Hazırki vəziyyətdə bu proqramın kifayət qədər operativ olaraq hazırlanması və icrası ondan xəbər verir ki, mövcud şəraitdə istər sahibkarlar, istər həmin sahibkarlarla muzdla çalışanlar və ümumilikdə Azərbaycan vətəndaşı dövlət başçısının qayğısı və dəstəyi ilə hər zaman olduğu kimi əhatə olunub və bundan sonra da olacaq. Əminik ki, bu qayğı və bu operativlik sayəsində tez bir zamanda bütün problemlərdən, bütün sınaqlardan üzüağ çıxaraq, böhranlı vəziyyətdən sonrakı dövrdə də əvvəlki kimi hər sahədə dayanıqlı inkişaf dinamikasına sahib ola bilərik.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...