Azərbaycan bütün sosial öhdəlikləri icra edəcək - AÇIQLAMA

"Neftin dünya bazar qiyməti Azərbaycan üçün vacib meyarlardan biridir. Neftin dünya bazarında qiymətinin aşağı düşməsi neft ölkələrinin, o cümlədən Azərbaycanın valyuta daxilolmalarına təsir göstərir. Çünki neftin qiyməti nə qədər aşağıdırsa, neft ölkəsinin neft satışından əldə etdiyi valyutanın həcmi də o qədər azalır. Bu baxımdan Azərbaycan üçün neftin dünya bazarlarında qiymətin aşağı olması arzuolunan deyil". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspert bildirib ki, xüsusən indiki məqamda neftin dünya bazarında qiyməti bazar tarazlığından da azdır baxmayaraq ki, bazar tarazlığının tələb-təklifi formalaşır: "Amma nəzərə alsaq ki, hazırda neft müharibəsi var və neft müharibəsi bazar tarazlığına təsir edir və məhz bu neft savaşı praktik olaraq qiymətləri aşağı salır. 2020-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 55 dollar nəzərdə tutulub. Hazırda qiymət büdcədə nəzərdə tutulan qiymətdən təxminən 2 dəfəyə yaxın azdır. Azərbaycan dövlət büdcəsinin gəlirlərinin 2020-ci ildə 44 faizini qeyri-neft sektoru formalaşdıracaq. Digər 56 faiz neft daxilolmalarıdır. Amma neft daxil olmalarının strukturuna diqqət yetirsək onun təxminən 84 faizi və ya büdcə gəlirlərinin 48 faizi Dövlət Neft Fondundan transferlər hesabına formalaşacaq".

O, söyləyib ki, 2020-ci ildə Dövlət Neft Fondunun təsdiq edilmiş büdcəsinə görə, fonddan dövlət büdcəsinə 6,5 milyard dollar vəsait transfer ediləcək: "Hazırda Dövlət Neft Fondunun mövcud aktivləri imkan verir ki, 2020-ci ildə nəzərdə tutulan transferləri həyata keçirməkdə hər hansı çətinliklər olmasın. Xüsusən də hazırda Dövlət Neft Fondunun aktivlərinin həcmi 43,3 milyard dollardır. Praktiki olaraq 43,3 milyard dollar aktivlərə malik olan fondun il ərzində 6,5 milyard dollar transfer etməsində hər hansı bir çətinlik yoxdur. Eyni zamanda qiymətlərin aşağı olmasına baxmayaraq Dövlət Neft Fonduna da 2020-ci ildə neft satışından daxil olmalar olacaq. Digər 8 faiz birbaşa neft daxilolmalarıdır və həmin neft daxilolmalarında da Dövlət Neft Şirkətinin payı var. Dövlət Neft Şirkəti daxili bazarda enerji məhsullarının satışı hesabına büdcəyə ödənişlər edilir. Güman olunur ki, burada da çətinlik olmayacaq. Amma təbii ki, büdcə daxilolmalarına təsir göstərən digər faktor koronavirusun təsirlərini minimumlaşdırılmaq məqsədilə həyata keçirilən sosial tədbirlər fonunda sahibkarlıq fəaliyyətlərinin məhdudlaşmasıdır. Bu da təbii ki, vergi daxiolmalarına təsir göstərəcək. Ona görə də koronavirusa qarşı mübarizənin qlobal olaraq hansı tezlikdə sonlanması dünya və o cümlədən Azərbaycan üçün vacibdir. Bu da özlüyündə qeyri-neft sektoruna daxilolmara birbaşa təsir göstərən faktordur".

V.Bayramov sonda qeyd edib ki, bütün bunlarla yanaşı 2020-ci ildə Azərbaycan Dövlət Büdcəsində maliyyələşən heç bir sosial proqram təxirə salınmayacaq: "2020-ci ildə nəzərdə tutulan bütün sosial proqramlar və sosial ödənişlər həyata keçiriləcək. Neftin bazar qiymətinin aşağı olmasına və eləcə də koronavirusun neqativ təsirlərinə baxmayaraq Azərbaycan 2020-ci ildə nəzərdə tutulan bütün sosial öhdəlikləri, sosial proqramları, eləcə də sosial layihələri icra etmək imkanına malikdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə