"Dəstək Fonduna vəsaitin toplanması bir dayanışma simvoludur" ÖZƏL - AÇIQLAMA

"Bu ianələr insanların sosial müdafiəsinə xərclənməlidir. Çünki, dövlətin tibbi avadanlıq və ləvazimatlar almaq üçün kifayət qədər imkanları mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli ölkə rəhbəri tərəfindən koronavirusa qarşı mübarizə ilə bağlı atılan addımları və Prezident İlham Əliyevin 19 mart Sərəncamına əsasən yaradılmış Dəstək Fondunun ölkə iqtisadiyyatına təsirini dəyərləndirərkən deyib.

O bildirib ki, bu Fondun yaradılması ilə ölkədəki dayanışmanın və birliyin şahidi olduq: "Dövlət başçısının, Milli Məclis deputatlarının, eyni zamanda biznes çevrələrinin, sadə vətəndaşların belə bu Fonda vəsait ayırması və bu işə qoşulması bir dayanışma simvoludur. Dəstək Fonduna vəsaitin toplanmasını özü-özlüyündə dayanışmanın, ölkədəki bu vəziyyətlə bağlı fəaliyyətin bir göstəricisi və nəticəsi kimi dəyərləndirmək olar".

Lakin, həmin Fonda yığılan vəsaitlərin xərc istiqamətlərinin hələ ki, aydınlaşdırılmadığını deyən ekspert, Nazirlər Kabinetinin xərc istiqamətləri ilə bağlı açıqlama verməsini labüd sayıb: "Yaxşı olardı ki, Nazirlər Kabineti Fondda yığılan vəsaitlərin hansı istiqamətdə xərclənəcəyi ilə bağlı ictimaiyyəti məlumatlandırsın. Çünki, Fonda vəsait ayırmaq istəyən insanlar, sadə vətəndaşlar çoxdur. Bu prosesin iştirakçısı olmaq istəyən şəxslər vəsaitin hara xərclənəcəyini öncədən bilmək istəyirlər. Beləliklə də, Fonda vəsait ayırmaq istəyən insanlar üçün bu əlavə stimul rolunu oynayacaq. Pul toplamağın qızıl qaydası da budur".

İqtisadçı bildirib ki, böyük ehtimalla Fonda edilən ianələr insanların sosial müdafiəsinin yaxşılaşdırılmasına xərclənəcək. Onun sözlərinə görə, dövlətin tibbi avadanlıq və ləvazimat almaq üçün kifayət qədər imkanı var: "Bu ianələr insanların sosial müdafiəsinə xərclənməlidir. Çünki, dövlətin tibbi avadanlıq və ləvazimatlar almaq üçün kifayət qədər imkanları mövcuddur. Eyni zamanda, koronavirusla mübarizə sahəsində çalışan tibb işçilərinin də əmək haqları Prezidentin Sərəncamına əsasən artırıldı. Yeri gəlmişkən, koronavirusa qarşı mübarizə sahəsində çalışan tibb işçilərinə çox böyük təşəkkür düşür. Onlar çox böyük risk altında işləyirlər.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Fondda toplanan vəsait aztəminatlı ailələrin sosial müdafiəsinə yönləndirilməlidir. Çünki, həmin sosial sferada problemlər var. Günə muzdla çalışan işçilər var idi ki, artıq işləyə bilmirlər. Məlum səbəblərə görə, obyektlər, kafe, restoran və s. bağlıdır. Buna görə də, ianələrin sosial müdafiəyə ehtiyacı olan, günə muzdla çalışan insanlara yönəldilsə daha məqsədəuyğun olar".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə