"İndiki halda manatın məzənnəsini saxlamaq olar. "B Planı" devalvasiya ilə bağlı olmayacaq". Bu sözləri SİA-ya açıqlamasında itisadçı-ekspert Samir Əliyev Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun hökumətin "B Planı" ilə bağlı açıqlamasını şərh edərkən deyib.
O bildirib ki, reallıq bundan ibarətdir, bu gün hökumət devalvasiyaya getməkdə maraqlı görünmür, çünki Azərbaycanın bir 2015-ci il təcrübəsi var: "2015-ci ildə manatın devalvasiyasına gedildi və bunun nəticələri bir az ağır oldu. Bankların bir hissəsi bağlandı, insanlar zərərə düşdü, kreditlərin qaytarılmasında problem yarandı, qiymətlər qalxdı və s. Ona görə də maksimum dərəcədə dövlət devalvasiyaya getməyəcək".
İqtisadçı vurğulayıb ki, sırf bu təcrübəyə əsasən "B Planı" devalvasiya ilə bağlı olmayacaq: "Təbii ki, bununla bağlı Mərkəzi Bank ümumi məlumat kimi açıqlama etsə yaxşı olar. Böyük ehtimalla, "B Planı" dedikdə, yəqin ki, müəyyən büdcə xərclərinin azaldılması, neft fondunun valyuta ehtiyatlarının bir hissəsinin manatı saxlamaq üçün yönəldilməsi ola bilər və s. bu kimi addımlar ola bilər. Təxmini, bunları ehtimal etmək olar".
Samir Əliyev əlavə edib ki, indiki halda manatın məzənnəsini saxlamaq olar və bu vəsaitlərimiz hesabına həyata keçirilə bilər, çünki, Azərbaycanın müəyyən vasaiti var:
"Neftin indiki qiymətinin nə dərəcədə uzunmüddətli olacağı hazırda müzakirə mövzusudur. Əgər bir neçə ay sonra qiymət yenidən 50-60 ABŞ dolları səviyyəsinə qayıtsa burada heç bir problem yaranmayacaq. Lakin, bu qiymət 5-6 ay daha belə davam etsə hökumət müəyyən sərt addımlar ata bilər".
Həmçinin ekspert koronavirusun ölkəyə təsirini azaltmaq üçün özəl sektora bəzi tövsiyyələr verib: "Öz işçilərinin mümkün qədər evdə işləməsi mexanizminin təmin edilməsi, imkan daxilində işçilərin ödənişli məzuniyyətə göndərilməsi, internet provayderləri tərəfindən abunəçilərini ilkin olaraq 1-2 ay müddətində fasiləsiz internetlə təmin etməsi, bankların 2 ay müddətinə kredit faizlərinin ödənilməsini dayandırması, mobil operatorlar abunəçiləri üçün aylıq internet və danışıq limitini artırması, otellər və ictimai iaşə obyektləri illik əmlak vergisindən azad olduğu üçün sahibkarın icarəyə verdiyi obyekti bir müddət icarə haqqından azad etməsi kimi addımlar atıla bilər. Əhalinin isə ərzaq məhsullarının izafi alışından çəkinməsi, kütləvi tədbirlərdə iştirakdan çəkinməsi yaxşı olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB