Yasamalda müəssisələrdən birində qənnadı məmulatlarının istehsalı dayandırılıb

Yasamalda müəssisələrdən birində qənnadı məmulatlarının istehsalı dayandırılıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə daxil olmuş şikayət məktubu əsasında Komitənin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, M.Rəhim küçəsi 535 ünvanında yerləşən fiziki şəxs A.Babayevaya məxsus müəssisədə unlu qənnadı məmulatlarının istehsalı zamanı standartların tələblərinə riayət olunmasını araşdırıb.

Komitədən SİA-ya verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə biskvitli-kremli tort, keks və şərq şirniyyatı istehsal olunur. Məhsulların istehsalı üçün normativ sənədlər, təsdiq olunmuş resepturalar və texnoloji təlimatlar mövcud olmayıb. Biskvitli- kremli tort və şərq şirniyyatının hazırlanmasında istifadə olunan xammallar, ədviyyatlar heç bir rəsmi normativ sənəd və standartlara istinad edilmədən məhsula əlavə edilib. Bundan başqa müəssisədə unlu qənnadı məmulatların istehsalı üçün lazımi şərait yoxdur. Hazır məhsullar gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal olunub satışa verilib.

Aşkar edilmiş nöqsanlarla bağlı məhsulların istehsalına və satışına qadağa qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə