"Azərbaycanın yetərli valyuta dayanıqlığı var" ŞƏRH-ÖZƏL

"Azərbaycanın yetərli valyuta dayanıqlığı var" ŞƏRH-ÖZƏL

“Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının əsas səbəblərindən biri onun hər zaman siyasi proseslərlə üz-üzə qalmasıdır. Düzdür, koronavirusu siyasətlə bağlamaq düzgün deyil, lakin burada da siyasi köklərin olması istisna edilmir”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı alim Fikrət Yusifov deyib.

Hazırda virusu ram edəcək peyvəndin tapılmadığını deyən ekspert söyləyib ki, Ümümdünya Səhiyyə Təşkilatının da verdiyi məlumata görə, bu gün infeksiya ilə bağlı vəziyyət ciddi xarakter daşıyır: “Dünyanın maliyyə bazarları, bir sıra şirkətlər ötən ayın sonuna qədər koronavirusla bağlı vəziyyətin ram ediləcəyini, peyvəndin tapılacağına ümid edirdisə, fevralın 25-dən sonra verilən bəyanatlardan məlum oldu ki, virusla bağlı vəziyyətin tam şəkildə nəzarətə götürülməsi yaxın zamanın işi deyil. Ona görə də dünyanın maliyyə bazarları hazırki vəziyyətə kəskin şəkildə reaksiya verdi, qısa zamanda sözügedən bazarlar çökmüş vəziyyətdədir. Daha sonra da neftin dünya bazarlarında qiyməti kəskin şəkildə aşağı düşdü”.

Virusun neftin qiymətinə necə təsir etməsini açıqlayan iqtisadçı söyləyib ki, əgər bu gün dünya ölkələrində koronavirusa görə bir sıra müəssisələr, şirkətlər fəaliyyətlərini dayandırırsa, bu o deməkdir ki, onların hazırda enerjiyə ehtiyacları yoxdur: "Ehtiyacın azalması da, neftə təlabatı da azaldır. Əgər bazarda da neftin istehsalında azalma yoxdursa, tələb və təklifin nisbəti pozulur və nəticədə də qiymət aşağı düşür. Bu fonda OPEC-in keçirdiyi toplantıda razılığın əldə edilməməsi də qiymətin sürətlə aşağı düşməsinə gətirib çıxardı. Düzdür, bundan sonra vəziyyət nisbətən sabitləşsə də, təhlükə tam şəkildə aradan qalxmayıb”.

Dünya bazarında neftin ucuzlaşmasının Azərbaycan manatına təsirlərinə gəlincə F. Yusifov milli valyuta ilə bağlı vəziyyətin sabit olduğunu dilə gətirib: “İllər öncə baş verən devalvasiya hadisələrindən sonra manatla bağlı vəziyyət bu günə qədər qorunub saxlanılır. Hesab edirəm ki, manatın sabit qalması üçün Azərbaycan hökumətinin kifayət qədər əsasları var. Həm iqtisadi dayanıqlıq, həm də son iki ayın göstəricilərinə nəzərə saldıqda ölkə iqtisqadiyyatının 2.8 dəfə artması, qeyri neft sektorunun 6.7 nfaiz artması eləcə də digər makro göstəricilər ölkədə valyuta ilə bağlı kifayət qədər rezervlərin olduğunu göstərən göstəricilərdir. Eyni zamanda Azərbaycan digər ölkələrlə müqayisədə daha az xarici borca malikdir ki, bu da dünyada ən yaxşı göstəricilərdən biridir. Bir sözlə desək bütün göstəricilər bizə deməyə əsas verir ki, Azərbaycanın yetərli valyuta dayanıqlığı var. Bu da o deməkdir ki, milli valyuta bundan sonra da öz sabtliyini qoruyacaq. Bu baxımdan manatla bağlı heç bir təşvişə ehtiyac yoxdur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə