"Azərbaycanın ixrac potensialı kəmiyyət halında sabit qalacaq, lakin dəyər şəklində azalacaq. Ticarət dövriyyəsində ixracın dəyəri azaldığına görə biz idxalı da azaltmalıyıq, əgər idxalı azaltmasaq onda bizim ticarət saldomuz mənfi olacaq". Bu sözləri SİA-ya açıqlamasında ekspert Cümşüd Nuriyev dünya bazarında neftin qiymətinin sürətlə düşməsi məsələsinə rəy bildirərkən deyib.
O, bu ilki dövlət büdcəsində neftin 55 dollardan götürüldüyü və dünya bazarında neftin birdən-birə bu qədər düşməsinin Azərbaycan büdcəsinin gəlirlərinə təxminən, 40 faizə yaxın azalmaya gətirib çıxaracağını bildirib: "Azərbaycanın ixrac potensialında neft məhsulları üstünlük təşkil edir. Bu da onu göstərir ki, bizim ixrac potensialımız dəyər şəklində azalacaq. Ticarət dövriyyəsində ixracın dəyəri azaldığına görə biz idxalı azaltmalıyıq. Əks təqdirdə, bizim ticarət saldomuz mənfi olacaq. Ticarət saldosu mənfi olduqda isə artıq səviyyə balansında problem yaranır. Yəni, bu o deməkdir ki, Azərbaycanda bu il inkişaf dayana bilər".
Ekspert vurğulayıb ki, burada "iqtisadi yastıq" deyilən bir məsələ də var, yəni, Azərbaycan hələlik bunların qarşısını ala biləcək: "Əvvəla, bizim Mərkəzi Bankda 6,4 milyard resursumuz var. Həmin resurslar pul şəklindədir. Onun olduğu kimi istifadə edilməsi Azərbaycan üçün heç bir problem yaratmayacaq. Yaxın bir neçə ay ərzində, ən azı yarım ilə Azərbaycan öz iqtisadiyyatını qoruya biləcək. Bu müddətdə də Azərbaycan bir neçə addım almalıdır".
İqtisadi geriləmənin qarşısını almaq üçün dövlət olaraq hansı addımları atmalıyıq sualını isə ekspert belə cavablandırıb: "ilk növbədə bəzi xərclər azaldılmalıdır. Təbii ki, sosial xərclərin azaldılması mümkünsüzdür, bu Prezidentin siyasi xəttinə zidd bir addım olardı. Lakin idarəetmə xərclərini, investisiya xərclərini azaltmaq olar. İri layihələri hələlik kənara qoymaq olar. Xüsusilə də kənd təsərrüfatı sahəsindəki layihələrin hələ ki, Azərbaycan büdcəsini qaldıracaq imkanı yoxdur. Azərbaycanın özünün istehsal etdiyi kənd təsərrüfat məhsullarını təcili müəyyənləşdirmək lazımdır. Kənd Təsərrüfatı Nazirliyi təkliflərlə hökümətə çıxış etməlidir ki, hökumət həmin malların idxalına qadağa qoysun. Bu Azərbaycanda valyuta itkisinin qarşısını alacaq. Azərbaycan bu tədbirləri çox surətlə həyata keçirməlidir".
Cümşüd Nuriyev əlavə edib ki, koronavirusla bağlı büdcədə nəzərdə tutulmayan əlavə xərclər də dövlət tərəfindən həyata keçirilir və bunlar da Azərbaycan büdcəsi üçün əlavə yükdür: "5 milyon Səhiyyə Təşkilatına ayrıldı və 5 milyon İrana yardım edildi, həmçinin, 10 milyon Azərbaycan üçün ayrıldı. Bunlar Azərbaycan büdcəsi üçün əlavə yükdür. Azərbaycan büdcəsindən bir sıra layihələr, məsələn, "Azəravtoyol"a, "Azərsu"ya, "Azərişıq"a olan layihələr bir qədər gecikdirilməlidir. Bəziləri kənara qoyulmalıdır. Onları başqa vaxta saxlamaq olar.
Azərbaycan yaxın 6 ay ərzində idxal-ixrac əməliyyatlarında ciddi dəyişikliyə nail olmasa, ciddi proqramla gündəmə gəlməsə Azərbaycan büdcəsinə ağır yük düşəcək. Buna görə də iqtisadi geriləmə baş verə bilər. Bu iqtisadi geriləmənin olmaması üçün dövlət təcili tədbirlər görməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB