Koronavirus və dünya iqtisadiyyatı ŞƏRH-ÖZƏL

“Koronavirusla bağlı baş verənlər ilk növbədə Çinin özünə, daha sonra isə bu ölkənin ticarət əlaqələrindən yararlanan digər ölkələrə, ümumilikdə isə dünya iqtisadiyyatına təsirsiz ötüşməyib”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.

O bildirib ki, koronavirusun dünya iqtisadiyyatına təsir etməsinin əsas səbəblərindən biri Çin bu gün dünya ÜDM-nin 1/3-ni formalaşdırır ki, bu da 30 faiz deməkdir: “Bu gün dünya ölkələri bu və ya digər şəkildə Çindən əmtəə və mal ixrac edir. Belə olan halda koronavirusun yayılması ilə əlaqədar Çindən idxal olunan kənd təsərrüfatı, qida məhsullarının idxalına qadağa qoyulub. Digər məhsullarla bağlı isə gömrük karantinləri ucbatından gecikmələr baş verir ki, bu da əlbəttə ki Çində istehsalın zəifləməsinə təsir göstərir”.

Ekspertin sözlərinə görə, baş verənlər nəticəsində dünya ekspertlərinin söylədiyi kimi Çinin iqtisadi sürətinin 2 faiz geriləməsinə səbəb olub: “Bu da Çinin məhsul istehsalı, ixracı zamanı istifadə etdiyi xammalın, neftin idxalının aşağı düşməsinə səbəb olur”.

R.Atakişiyev söyləyib ki, koronavirusun getdikcə dünya ölkələrində yayılması Çinlə iqtisadi əlaqələrin tormozlanmasına gətirib çıxarır: “Bildiyiniz kimi artıq bizim yaxın qonşumuz olan İranda bu virus yayılıb. Azərbaycanda sərhəd buraxılış məntəqələri bağlanılıb, yalnız və yalnız İran vətəndaşlarının İrana, Azərbaycan vətəndaşlarının isə Azərbaycana gəlişinə icazə verilib”.

Virusun yayılmasının Azərbaycan iqtisadiyyatına təsirlərinə gəlincə, iqtisadçı söyləyib ki, koronavirus müəyyən mənada ölkə iqtisadiyyatına da təsir edə bilər: “Azərbaycan Çin, eləcə də İrandan həm qida, həm də digər məhsullar idxal, bəzi hallarda ixrac edir. Lakin virusun yayılması ticari əlaqələrimizin pozulmasına gətirib çıxarır ki, bu da ölkədə müəyyən məhsulların qiymətində artıma səbəb olur. Koronavurisla bağlı müxtəlif maraqlı tərəflər pul qazanmaq üçün də süni qiymət artırmaqla ölkədə ajioataj yaratmağa çalışıb, bu yolla müəyyən tibbi ləvazimatların qiymətinin artımına nail olurlar. Eyni zamanda virusa davamlı məhsullarının adını yazmaqla onların qiymətində də artırmaq cəhdlərinə də rast gəlinir”.

R.Atakişiyev qeyd edib ki, Novruz bayramı ərəfəsində Azərbaycana gələn turistlərin arasında İran vətəndaşlarının çox olduğunu nəzərə alaraq deyə bilərik ki, əgər İranda tezliklə virusun yayılması ilə bağlı tədbirlər görülməzsə, o zaman hazırki vəziyyət ölkəmizə gələn turistlərin sayına da təsir edə bilər”.

Ekspert əlavə edib ki, ümumiyyətlə virusun təsir müddətinin uzanması nəticəsində daha çox ölkələrdə yayılması dünya iqtisadiyyatı üçün müsbət heç nə vəd etmir: “Məhz bu səbəbdən də dünya ölkələri maksimum dərəcədə virusun qısa zamanda qarşısının alınmasın çalışırlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə