BVF bu il üçün qlobal iqtisadi artım proqnozunu endirib

Beynəlxalq Valyuta Fondu (BVF) 2020-ci il üçün qlobal iqtisadi artım proqnozunu 0,1 faiz bəndi azaldaraq 3,3%-ə endirib.

SİA xəbər verir ki, bu barədə BVF-nin dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair hesabatında deyilir.

Hesabata əsasən, BVF həmçinin 2021-ci il üzrə də qlobal iqtisadi artım proqnozunu endirib – 3,4%-dək. Bu, əvvəl proqnozlaşdırılan səviyyədən 0,2 faiz bəndi azdır. Qeyd olunur ki, proqnozda dəyişikliklərə səbəb əsasən Hindistan üzrə daha aşağı iqtisadi proqnozun verilməsi olub.

İnkişaf etmiş ölkələr üzrə 2020-ci il üçün proqnoz 0,1 faiz bəndi azaldılıb – 1,6%-dək, 2021-ci ildə də 1,6%-lik artım qeydə alınacağı gözlənilir. Bundan başqa, BVF Çinin 2020-ci il üzrə iqtisadi artım proqnozunu 0,2 faiz bəndi, 6%-dək artırıb, 2021-ci il üzrə isə 0,1 faiz bəndi, 5,8%-dək azaldıb.

ABŞ üzrə 2020-ci il üçün iqtisadi artım proqnozu 0,1 faiz bəndi azaldılaraq 2%-ə endirilib, 2021-ci il üçün isə proqnoz 1,7% səviyyəsində saxlanılıb.

Avrozonada 2020-ci ildə iqtisadi artım üzrə proqnoz 0,1 faiz bəndi azaldılaraq 1,3%-ə endirilib, 2021-ci ildə isə proqnoz sabit saxlanılıb – 1,4%.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında BVF qlobal iqtisadi artım proqnozunu 2019-cu il üçün 3%-dək, 2020-ci il üçün isə 3,4%-dək azaltmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...