İqtisadi inkişaf sosial müdafiənin gücləndirilməsinin əsas şərtidir TƏHLİL
Əldə edilən nailiyyətlərin əsas səbəbi geniş islahatların aparılmasıdır ki, biz bunu qabaqcıl ölkələrin inkişaf tarixinə nəzər yetirdikdə də aydın şəkildə müşahidə edirik. İnkişafdan gedi qalan ölkələrin belə inkişaf tarixini araşdıranda bunun şahidi oluruq. Məsələn, Asiya ölkələrinin timsalında bütün dünya bunun əyani şahididir ki, Cənubi Koreya, Sinqapur, Malayziya kimi inkişafdan geri qalan ölkələr islahatlar sayəsində indi dünyanın inkişaf etmiş ölkələrinə çevrilib.
Dekabrın 23-də yerli jurnalistlərə Prezident İlham Əliyev ilin yekunları ilə bağlı verdiyi geniş müsahibəsində ölkədə həyata keçirilən islahatlar barədə danışarkən, bizim siyasətimiz konseptual xarakter daşıyır və ardıcıllıqla icra edilir, deyə bildirib. Ölkə başçısı xüsusilə diqqətə çatdırıb ki, son 16 il tarixinə geniş nəzər saldıqda, görmək olar ki, heç bir addım təsadüfi olmayıb və hər bir addımın arxasında çox böyük təhlil və böyük məqsədlər dayanır.
Təbii ki, məqsəd ilk növbədə, milli maraqlar, dövlətçilik, vətəndaşların rahat yaşaması, sosial rifahdır. Ölkə başçısının çıxışından da aydın şəkildə görünür ki, iqtisadi inkişaf və ölkə vətəndaşlarının sosial rifahına xidmət ölkədə həyata keçirilən islahatların başlıca vəzifəsidir. İqtisadi və sosial sahədə əldə edilən uğurlar da məhz bu islahatlarla bilavasitə bağlıdır. Cari ildə ümumi iqtisadi artımın 2 faizdən, qeyri-neft iqtisadiyyatında artımın təqribən 3,5 faiz olması heç də təsadüfi deyil və heç şübhəsiz ki, bu müsbət dinamika ölkə başçışının apardığı islahatçı siyasətin məntiqi nəticəsidir. Qeyri-neft sənayesində artımın 14 faiz, kənd təsərrüfatında isə iqtisadi artımın 7 faizdən çox olması daha da sevindirici haldır.
Cari ilin 11 ayının nəticələri belə artım dinamikasını təsdiq edir və bu dövrdə ölkəmizin qeyri-neft ixracının təqribən 14-15 faiz artması çox böyük göstəricidir. Xarici borcun azalması da diqqətdən yayına bilməz. Bu gün Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir və bu, dünyada 9-cu göstəricidir ki, həmin rəqəm digər ölkələrlə müqaisədə çox böyük uğurlardan xəbər verir. Hətta gələn il bu rəqəmin 16 faizə düşəcəyi də proqnozlaşdırılır. Nəzərə alsaq ki, ABŞ kimi superdövlətin borclanması ümumi daxili məhsulla müqaisəyə belə gəlməz, deməli, ölkə başçısının rəhbərliyi və siyasi iradəsi ilə aparılan islahatlar öz müsbət məntiqi nəticələrini artıq göstərir. Ölkənin valyuta ehtiyatları 50 milyard dollara çatıb ki, bu rəqəm xarici dövlət borcundan 5 dəfə artıqdır və bu rəqəm həm də əldə olunan uğurları, nailiyyətləri isbatlayır.
Aparılan islahatlar sayəsində vergi və gömrük orqanları bu il planda nəzərdə tutulduğundan əlavə xəzinəyə bir milyard manat vəsait köçürüblər ki, bu da aparılan islahatların, o cümlədən şəffaflığın təmin edilməsinin ölkəyə fayda gətirdiyini təsdiq edir. Ələlxüsus gömrük sahəsində tətbiq olunan islahatlar cari ildə daha çox vəsaitin büdcəyə daxil olmasına geniş imkanlar yaradıb və qurumun büdcəyə planda nəzərdə tutulduğundan artıq vəsait daxil etdiyi günün reallığıdır.
Büdcəyə daxil olan vəsaitlərin artması heç də sıradan bir göstərici deyil və bu iqtisadi artım deməkdir. İqtisadi sahədə əldə edilən uğurlar, iqtisadi artım da öz növbəsində bir sıra layihələrə imkanlar açır. Məsələn, iqtisadi sahədə əldə edilən uğurlar, iqtisadi artım əhalinin sosial rifahının yaxşılaşdırılmasına imkan yaradır. Maaşların, pensiyaların, sosial müavinətlərin, tələbələrin təqaüdlərinin artırılması bunun nəticəsində reallaşdırılır. Ümumiyyətlə, sosial sahədə olan bütün məsələlər iqtisadi göstəricilər sayəsində kompleks şəklində həll edilir. Məhz iqtisadi göstəricilər sayəsində müavinətlər orta hesabla 50 faiz və ya 2 dəfədən çox, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya isə 70 faizdən çox artırılıb.
Sosial cəhətdən daha həssas olan təbəqənin, yəni məcburi köçkünlərin, şəhid ailələrinin və müharibə əlillərinin problemlərinin həlli də dövlətin diqqət mərkəzində olub ki, bu məsələ də iqtisadi imkanlar sayəsində reallaşdırılıb. Bu barədə dövlət başçısı jurnalistlərə verdiyi müsahibədə də qeyd edib. Qeyd edilib ki, ötən il məcburi köçkünlərə 5 mindən çox ev və mənzil verilib. Təqribən 25-30 min nəfər dövlətin yaratdığı bu imkandan yararlanıb. Bununla yanaşı, 800-ə yaxın şəhid ailəsi, müharibə əlili evlərlə təmin edilib. Dövlət başçısının qeyd etdiyi kimi, dünyanın heç bir ölkəsində vətəndaşa belə yüksək qayğının şahidi olmaq olmaz.
Cənab Prezident İlham Əliyev ölkə vətəndaşlarının sosial problemlərinin daim dövlətin diqqət mərkəzində olduğunu və bunun prioritet hesab edildiyini dəfələrlə bəyan edib. Qeyd olunub ki, hətta böhranlı illərdə belə sosial sahəyə nəzərdə tutulan vəsait azaldılmayıb. Ölkə başçısı, iqtisadi islahatların sosial müdafiə ilə bərabər aparılmalı olduğunu nəzərə çatdırıb və xatırladıb ki, bu, siyasətimizin əsas qollarıdır.
Bəzi ölkələrin təcrübəsindən və eləcə də tarixdən də biz bilirik ki, çox ciddi iqtisadi islahatlar sosial problemlər yaradır. Məhz Cənab Prezident bu məqama da toxunaraq bildirib ki, buna, bu problemlərə qətiyyən yol verilməyəcək. Ölkə başçısı tərəfindən qeyd olunub ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır və ildən-ilə Azərbaycan vətəndaşı daha yaxşı yaşamalıdır.
Göründüyü kimi, dövlət siyasətində iqtisadi islahatların davam etməsi prioritet məsələ hesab olunur. Bu baxımdan iqtisadi islahatların bundan sonra da vüsət alacağına zərrə qədər şübhə yeri yoxdur. Çünki, bu vaxta qədər aparılan islahatlar özü-özlüyündə yeni-yeni islahatlara zəmin yaradır və ölkə başçısının da siyasi iradəsi sayəsində bu prosesin davam edəcəyi günün reallığıdır. Bütün bunlarla yanaşı Cənab prezidentin də qeyd etdiyi kimi iqtisadi islahatlarla, iqtisadi uğurlarla yanaşı sosial müdafiə də gücləndiriləcək. Qarşıdan gələn illərdə Azərbaycan vətəndaşlarının rifah halının daha da yaxşılaşacağına hər bir vətəndaşın ümidi olduqca çoxdur. Çünki, dünyada davam edən böhranın fonunda ölkəmizin əldə etdiyi uğurlar, nailiyyətlər, iqtisadi yüksəliş, sosial layihələr ölkə vətəndaşlarının ümidlərinin məntiqi əsası, iqtisadi inkişaf sosial müdafiənin gücləndirilməsinin əsas şərtidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB