Qeyri-neft sektoruna daxil olan gəlirlərin həcmi getdikcə artır" -AÇIQLAMA

Qeyri-neft sektoruna daxil olan gəlirlərin həcmi getdikcə artır" -AÇIQLAMA

“Cənab Prezidentimiz tərəfindən artıq büdcə təsdiqlənib və büdcəmizin gəliri 24,1 milyard manat, xərci 26,9 milyard manat təsdiq olunub”. Bunu SİA-ya açıqlamasında YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, büdcəmiz əvvəlki büdcələrdə olduğu kimi sosial yönümlü və eyni zamanda investisiya yönümlü büdcədir: “Büdcənin 38,9 faizi sosial xərclər üçün, bunu mütləq formada desək 10 milyard manat vəsait nəzərdə tutulub. 2019-cu ilin büdcəsi ilə müqayisədə isə 2,8 milyard manat artıq vəsait nəzərdə tutulub. Bu da növbəti ildə əmək haqlarının, təqaüdlərin, pensiyaların artırılması və bütövlükdə sosial tədbirlərin sistemli şəkildə davam etdirilməsinin bir təsdiqidir. Digər tərəfdən büdcə investisiya yönümlüdür və birbaşa investisiya xərclərinə yönəldiləcək vəsaitin həcmi 4,9 milyard manat nəzərdə tutulub. Bu da bir çox layihələrin, xüsusilə investisiya layihələrinin reallaşması ilə nəticələnəcək. Büdcədə təhsil sahəsinə 38 faiz, elm sahəsinə 42 faiz, hərbi xərclərimiz isə 20 faiz artıb. Səhiyyə sistemində də növbəti ildə yeni dəyişiklik olacaq. İcbari tibbi sığorta sisteminə keçilib, bu da büdcə xərclərinə qənaət olunması ilə yanaşı, onun məqsədyönlü istifadəsini də səciyyələndirəcək”.

Deputat vurğulayıb ki, başqa bir formada dövlət büdcəsinin gəlirləri ilə bağlı biz çox nikbin fikirlər səsləndirə bilərik: “Artıq qeyri-neft sektoruna daxil olacaq gəlirlərimizin həcmi getdikcə artır. Düşünürəm ki, 2020-ci ildə qeyri-neft sektoruna daxil olan gəlirlər 2019-cu illə müqayisədə 12 faiz çoxdur. Bütövlükdə isə büdcəmiz praqmatik bir büdcədir və növbəti illərin iqtisadi inkişafını özündə ehtiva edən bir çox xarakterik xüsusiyyətlə fərqlənir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə