Qarşıdakı müddətdə neftin qiyməti dəyişəcəkmi? EKSPERT RƏYİ-ÖZƏL

“Neftin qiymətində xeyli müddətdir ki, stabillik müşahidə olunur. Uzun müddətdir ki, qiymətlər 60 dollar ətrafında dəyişir. Amma qlobal neft bazarlarında neftin qiyməti çox sürətli dəyişə bilir. Çünki neftin qiyməti əlavə təsirlərə dərhal reaksiya verir”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, iqtisadi dəyişikliklər, tələb və təklif nisbəti qiymətlərə təsir edən ən əsas faktorlardan biridir.

Ekspertin sözlərinə görə, həmçinin siyasi proseslər də neftin qiymətinin artıb-azalmasını ciddi risk altına alır: “Nəzərə almaq lazımdır ki, qiymətlərin uzun müddətli stabilliyi OPEC-in səyləri nəticəsində qorunub saxlanılır. Hasilatın azaldılmasına dair imzalanan OPEC-in Vyana sazişi bu illər ərzində öz sözünü deyir. Həqiqətən də OPEC bazarda neftin qiymətini sabit saxlamağa qadir olduğunu sübut etdi. Bu toplantıda qəbul edilən qərar da həmin təşəbbüsün davamı kimi qiymətləndirilə bilər. Çünki hazırki qiymət aralığı müttəfiq dövlətlərə sərf edir”.

P. Heydərov qeyd edib ki, OPEC-in son toölantıda qəbul etdiyi qərar qiymətlərin stabilliyinin qorunub saxlanılmasına imkan verəcək: “Çünki neftə olan təklif tələbə nisbətən azalacaq. Dünya iqtisadiyyatında gedən proseslər və ticarət müharibələri neftə olan tələbatın aşağı düşəcəyini göstərir. Belə bir məqamda hasilatın azaldılmasına dair verilən qərar çox müsbət haldır. Bu qərar həm də qiymətlərin ucuzlaşacağının qarşısını almaq məqsədi daşıyır. Güman olunur ki, qarşıdakı müddətdə qiymətlərdəki stabillik qorunub saxlanılacaq. Amma yenə də qeyd edirəm ki, neftin dünya bazar qiyməti dünya iqtisadiyyatında və siyasi müstəvidə baş verən proseslərə sürətli reaksiya verir. Ona görə də bu addım bütün mənfi ssenariləri sığortalamaq məqsədi daşıyır”.

Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələri ("OPEC plus”) sutkalıq neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə