"TANAP Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin ən önəmlilərindən biridir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan tarixi günlərinin birini də yaşadı. 2015-ci ildə əsası qoyulan TANAP Avropa sərhədinə çatdı. Bu layihə 7 ölkəni birləşdirir". Bunu SİA-ya millət vəkili Eldəniz Səlimov deyib.

Deputatın sözlərinə görə, TANAP və Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi layihəsidir: "Türkiyə ilə Azərbaycan arasındakı strateji əməkdaşlıq onu göstərir ki, bu iki ölkə gələcəyə inamla birgə addımlayacaqlar. Bu layihələrin həyata keçirilməsi ölkəmiz üçün böyük iqtisadi inkişafı daha da sürətləndirir. TANAP Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin ən önəmlilərindən biridir. Ölkəmizin sülhsevər olmasını dünyaya bəyan etdi. Biz bu gün Asiyanı Avropanı TANAP vasitəsilə birləşdirdik. Dünyaya bir daha Türkiyə-Azərbaycan arasında köklü dostluğun mövcudluğunu sübut etdik. Tarixdə liderlərin rolu danılmazdır. Ölkəmizin lideri möhtərəm Prezidentimiz sayəsində Azərbaycan sürətli inkişafa nail oldu, iqtisadi gücünü artırdı. Türkiyə ilə münasibətlərimiz daha da inkişaf etdirildi. Qardaş ölkəyə Azərbaycan tərəfindən sərmayə qoyuluşu ildən-ilə artmaqda davam edir. Nəhayət iqtisadi münasibətlər fonunda siyasi münasibətlər yarandı, möhkəmləndi, inkişaf edərək ölkələrarası əməkdaşlığa çevrildi. Bu layihələrin həyata keçirilməsi nəticəsində ölkəmiz xeyli qazanc əldə etməklə ölkəmizin inkişafını davamlı etdi, insanların rifah halının yaxşılaşmasına xidmət etdi".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə