Azərbaycanlı iş adamı: "Sərmayənin milliləşməsi istiqamətində islahatlar aparılması şərtdir"

Hər ölkədə sərmayənin güclənməsi kapitalın milliləşməsinə bağlıdır. Sərmayənin milliləşməsi geniş, konseptual mövzudur və bu yöndə islahatlar aparılması şərtdir.

Bu sözləri SİA-ya açıqlamasında iş adamı Elvin Abbasov deyib.

Onun sözlərinə görə, sərmayənin milliləşməsi üçün sərmayəyə dair milli məsuliyyətlilik hissini artırmaq lazımdır: "İqdisadi sabitlik ancaq bu yolla qoruna bilər. Bunun üçün istehlakçı iqtisadiyyatı yox, istehsalçı iqtisadiyyatının mexanizmi sistemləşdirilməlidir. Təkmilləşmənin ən fundamental amili intellektual sərmayənin güclənməsidir".

O qeyd edib ki, ölkədə başlayan yeni layihələrin icrası sırasında bəzi hallarda əsasən xarici təşkilatların və şirkətlərin bilik və təcrübəsinə müraciət edilir, bu istiqamətdə iri həcmdə vəsait xərclənir.

"Digər tərəfdən, bu prosesdə yerli şirkətlərin iştirakı məhdudlaşdırılır və ya işçilik statusundan irəli getmir. Bu, öz-özlüyündə sərmayənin milliləşməsinə zidd bir prosesdir. Halbuki, yerli şirkətlərin təcrübəsinin artırılmasına və mütəxəssislərin inkişafına dəstək baxımından dövlət əhəmiyyətli layihələrdə xarici şirkətlər ilə yerli şirkətlər arasında bilik və təcrübə münasibətlərinin ötürülməsi mexanizmi yaradılmalıdır. Bunu təyin edən əsas prinsiplərdən biri də hər bir layihənin yerli şirkətlərlə birlikdə icrası, hətta xarici şirkətlərə yerli şirkətlərin baş iştirakçısı olma şərtinin tanınmasıdır. Bu mexanizm yerli şirkətlərin təcrübəsinin artmasında və mütəxəssislərin yetişdirilməsində mühüm rol oynayacaq. Bu səbəbdən ölkəmizdə dövlət sektorunda və sahibkarlıq fəaliyyətlərində azad fikirli insanlar intellektual yeniliyi dəstəkləməli, iqtisadi strategiyanı müasir dünyanın tələblərinə uyğun və milli şüurla təkmilləşdirməlidir", - Abbasov qeyd edib.

Abbasovun fikrincə sərmayənin milliləşmə strategiyası aşağıdakı istiqamətlər üzrə aparılmalıdır:

- Öz əmək və istehsalatımızın gücü ilə bütün istiqamətlərdə məhsuldarlığın və eyni zamanda keyfiyyətin artırılması müstəqil iqtisadiyyat üçün ən böyük amil və milli iqtisadiyyat modelidir.

- Bu milli inkişaf mexanizmi müstəmləkəçi ölkələrə qarşı iqtisadi müharibədə müdafiə qalxanı yaradır.

- Beynəlxalq təcrübədən yararlanmaq və bu təcrübənin mənimsəmə prosesi icra edilən layihələrdə yerli şirkətlərin və mütəxəssislərin iştirakı mütləq şərt olmalıdır. Eyni istiqamət üzrə növbəti layihə yerli şirkətlərə verilərək yerli mütəxəssislərin bilik və təcrübəsinin təkmilləşmə mexanizmi yaradılmış olacaq.

- Şirkətlərimizin spesifik sahələrinə fokuslanıb bilik və əmək qabiliyyətini gücləndirib dünya rəqabətciliyinə qoşulma vaxtı çatıb, hətta bu işdə gecikmişik. Əsas hədəf daxili bazar yox, xarici bazar olmalıdır. Şirkətlərimizin brendləşib xarici bazarda rəqabət prosesinə qoşulması ilə sərmayənin xaricə axınının qarşısını alıb, tam əks prosesə başlanmalıyıq.

Bütün xəbərlər Facebook səhifəmizdə