Qubad İbadoğlu: “Mərkəzimizin araşdırmaları Azərbaycanda inflyasiya göstəricisinin yüksək olduğunu ortaya qoyur”

Qubad İbadoğlu: “Mərkəzimizin araşdırmaları Azərbaycanda inflyasiya göstəricisinin yüksək olduğunu ortaya qoyur”

"2005-ci il mayın 31-də verilmiş "Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" prezident fərmanının icrasına nail olsaq, qiymətləri də müəyyən səviyyədə saxlaya bilərik". SİA-ya açıqlamasında bu sözlər İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu Novruz bayramı ərəfəsində müşahidə olunan qiymət artımına münasibət bildirərkən deyib.

 

Fərmanda əsas diqqətin monopoliyaya qarşı mübarizənin gücləndirilməsinə yönəldiyini deyən iqtisadçı ekspert bildirib ki, bazarlara giriş baryerlərinin aradan qaldırılması, monopoliyanın məhdudlaşdırılması ilə bağlı müəyyən təkliflər var və Azərbaycan hökuməti qarşısında tapşırıqlar qoyulub: "Bu fərmanın icrası qiymət artımı problemini aradan qaldıra bilər. Fərmanda həm də əmtəə bazarında monitorinqin aparılması və ildə bir dəfə ölkə prezidentinə məlumatın verilməsi nəzərdə tutulur. İkinci istiqamət isə Azərbaycanda aqrar sektorda iqtisadi tənəzzülün qarşısını almaq, məhsuldarlığın artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsidir. Bu halda daxili rəqabət imkanlarının artırılması son nəticədə qiymətlərin səviyyəsinə də azaldıcı təsir göstərə bilər. Bəzən qiymətlərin artımı mövsümi xarakter daşıyır. Bəzi qiymətlər də var ki, idxalın hesabına formalaşır. İdxal malları kifayət qədər xüsusi çəkiyə malikdir və təbii ki, onların qiymətinin bahalaşması inflyasiyanın səviyyəsinə əhəmiyyətli təsir göstərir".

 

İTM sədri 2011-ci il üçün gözlənilən inflyasiya göstəricilərinə də toxunub. Mərkəzin 2011-ci il üçün inflyasiya göstəricisinin 11,2 faiz olduğunu deyən iqtisadçı ekspert bildirib ki, İTM-in araşdırmaları Azərbaycanda inflyasiya göstəricisinin yüksək olduğunu ortaya qoyur. Qeyd edək ki, İTM 2010-cu ildə 11,45 faiz inflyasiyanın olduğunu açıqlayıb. Dövlət Statistika Komitəsi isə ötən il Azərbaycanda inflyasiyanın 5,7% olduğunu bildirib. Komitə hesab edir ki, 2011-ci ildə ölkədə inflyasiyanın 2010-cu ildəkindən bir qədər artıq olacağına baxmayaraq, ötən il olduğu kimi bir rəqəmli səviyyədə qalacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə