"Sosial bağlar" layihəsi çərçivəsində daha 250 ailə üçün meyvə bağları salınır
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən inkişaf strategiyası, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi və sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsi, təhlükəsizliyin, sabitliyin gücləndirilməsi ilə bağlı görülən tədbirlər dövlətimizin qüdrətinin artmasını və xalqımızın rifah halının yüksəlməsini təmin edib. Dövlət başçısının rəhbərliyi ilə regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin sosial-iqtisadi inkişafına müsbət təsirini göstərib. Bu uğurların əldə olunmasında, mühüm layihələrin reallaşdırılmasında Heydər Əliyev Fondunun da rolu müstəsnadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva ölkəmizin sosial-iqtisadi, xalqın maddi rifahının yaxşılaşdırılmasına dəstək verən, eləcə də, tariximizin və Azərbaycan həqiqətlərinin bütün dünyada tanıdılması istiqamətində müxtəlif proqram və layihələr reallaşdırır. Bu və ya digər sahələrlə yanaşı, sosial məsələlərin həllinə, sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirlərinə də dəstək verilməsi üçün fond tərəfindən ardıcıl və əhatəli layihələr və proqramlar həyata keçirilir. Fondun xüsusi qayğıya ehtiyacı olan və əlilliyi olan şəxslərlə bağlı bu günədək reallaşdırdığı layihələr arasında Bakıda və regionlarda reabilitasiya mərkəzlərinin və müəssisələrinin yaradılması mühüm yer tutur. Valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək, onların asudə vaxtının səmərəli təşkili üçün, mütəmadi olaraq, həyata keçirilən tədbirlər də Heydər Əliyev Fondunun diqqət mərkəzində saxladığı məsələlərdəndir.
ÖZÜNÜMƏŞĞULLUQ PROQRAMI AZTƏMİNATLI AİLƏLƏR ÜÇÜN KİÇİK AİLƏ BİZNESİNƏ ÇIXIŞIN TƏMİNATINA YÖNƏLİB
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təsis edilən "Regional İnkişaf" İctimai Birliyi də vətəndaş cəmiyyəti quruculuğunda əhəmiyyətli layihələr reallaşdırıb. Bölgələrdə yaşayan vətəndaşların üzləşdiyi problemlərin, yerli əhalini kompleks şəkildə narahat edən məsələlərin aradan qaldırılması kimi məsələləri əsas məqsəd kimi qarşıya qoyaraq elm, təhsil, səhiyyə, mədəniyyət, sosial, idman, ekologiya, İKT və infrastruktur layihələri həyata keçirir. Mehriban xanım Əliyevanın vurğuladığı kimi, bizim həyata keçirdiyimiz hər bir layihə, ilk növbədə, vətəndaşların maraqlarını qorumağa və köməyə ehtiyacı olan insanlara yardım etməyə yönəlib.
Qeyd edək ki, "Regional İnkişaf" İctimai Birliyi, qısa bir vaxt ərzində, regionların həyatında mühüm rol oynayıb. RİİB-in regionlarda ictimai nəzarətin həyata keçirilməsində, region sakinləri ilə dövlət və bələdiyyə orqanları arasında dialoqun inkişaf etdirilməsində göstərdiyi təşəbbüslər də diqqətəlayiqdir. Təbii ki, bütün görülən işlər Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən qaynaqlanır. Bildiyimiz kimi, görülən işlərin davamı olaraq, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair imzalanan Memorandum da Prezident İlham Əliyevin sosial inkişaf kursunun yüksək səviyyədə həyata keçirilməsində Heydər Əliyev Fondunun fəal iştirakının növbəti göstəricisidir. İmzalanan Memoranduma əsasən, fondun "Regional İnkişaf" İB özünüməşğulluq proqramının icrasında ƏƏSMN ilə əməkdaşlıq etməklə intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılmasına artıq öz dəstəyini verir. Özünüməşğulluq proqramı aztəminatlı ailələr üçün kiçik ailə biznesinə çıxışın təminatı ilə yanaşı, ölkədə kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlib.
"SOSİAL BAĞLAR" LAYİHƏSİ KƏND TƏSƏRRÜFATININ İNKİŞAFINA ÖZ DƏSTƏYİNİ VERMƏKDƏDİR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin birgə icra etdiyi "Sosial bağlar" layihəsinin, ikinci mərhələsi kimi, daha 250 ailə üçün meyvə bağları salınır. Özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihənin, ilk mərhələsi kimi, ötən il 37 rayonda 125 aztəminatlı ailə üçün müasir meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılaraq, onların istifadəsinə verilib. Layihənin ikinci mərhələsində, bundan iki dəfə çox olmaqla, 250 ailə intensiv meyvə bağlarına sahib olacaq. Bunun üçün hazırda müxtəlif relyefə, coğrafi əraziyə və struktura malik 195 hektar torpaq sahəsinin şumlanaraq əkin üçün hazır vəziyyətə gətirilməsi, 143 minə yaxın müxtəlif məhsuldar meyvə tinglərinin əkilməsi, sahələrdə müasir damlama-suvarma sistemlərinin quraşdırılması, təsərrüfatların mineral və üzvü gübrələrlə təmin edilməsi işləri aparılır. 22 hektardan çox ərazinin köhnə ağac, kötük və kollardan təmizlənməsi, 25 min metrdən çox məsafədə dayaqların basdırılması və çəpər çəkilməsi də görülən işlər sırasındadır. Bağ təsərrüfatlarının suvarılması, aqrotexniki qulluq, məsləhət xidmətlərinin göstərilməsi, logistika və hazır məhsulun satışının təşkili istiqamətlərində də ailələrə dəstək göstərilməsi təmin olunacaq.
"Sosial bağlar" layihəsi daha 250 aztəminatlı ailənin özünüməşğulluğu və kiçik ailə biznesinə keçidinin təmin edilməsinə, eyni zamanda, yeni bağçılıq sahələrinin yaradılması ilə qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına öz dəstəyini verməkdədir.
Bir sözlə Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik-hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir və əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür və bütün istiqamətlərdə böyük inkişaf müşahidə olunur.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB