"Rəqabət mühitinin daha da güclənməsi süni qiymət artımının qarşısı alınacaq” ŞƏRH-ÖZƏL

"Rəqabət mühitinin daha da güclənməsi süni qiymət artımının qarşısı alınacaq” ŞƏRH-ÖZƏL

“Bazar iqtisadiyyatının ən mühüm tələblərindən biri rəqabətin geniş olmasıdır. Rəqabət olmayan şəraitdə normal bazar iqtisadiyyatı formalaşa bilməz”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, rəqabət amilinə 2 əsas cəhət mane oolur.

Onun sözlərinə görə, bunlardan biri biznes strukturuna məmur himayəçiliyidir, digəri isə inhisarçılıqdır: “Bu iki cəhət olanda rəqabət zəifləyir. Bununla yanaşı, rəqabətin zəif olması obyektiv səbəblərlə də bağlıdır. Daxili bazarın kiçik olması inhisarçılığın yaranmasına şərait yaradır”.

Ekspert söyləyib ki, Azərbaycan kimi xırda bazarı olan ölkələrdə rəqabət imkanları məhdud çərçivədə olur: “Çünki xırda bazarlarda inhisarçılığa meyl genişdir. Rusiya kimi böyük bazarda inhisarçı mövqeyə sahib olmaq çox çətindir. Bazar çox böyük olanda hansısa biznes strukturunun bazarda üstün mövqeyə malik olması çətinləşir. Böyük bazarlarda yalnız dövlət tərəfindən dəstək olduqda sahibkarlıq strukturu inhisarçı mövqeyə sahib olur. Lakin ümumilikdə rəqabət mühitinin yüksək səviyyədə olmaması keçmiş sovet respublikalarının hamısına aiddir. Azərbaycan kimi kiçik ölkələrdə iqtisadiyyatın bütün sahələrində tam azad rəqabətə nail olmaq, iri ölkələrə nisbətən çətindir. Xırda bazarda həm idxalçının, həm də yerli istehsalçının monopolistə çevrilməsi çox asan başa gəlir”.

P.Heydərov qeyd edib ki, dövlət tərəfindən antiinhusar siyasəti, inhisarçılığa qarşı tədbirləri həyata keçirilir: “Süni qiymət artımının qarşısının alınması ilə bağlı müvafiq tədbirlər görülür, idxalda və istehsalda 30 faizdən artıq paya malik olan sahibkarlıq strukturlarına qarşı sərt mövqe ortaya qoyulur. Amma bunlarla yanaşı, qanunvericilik sərtləşdirilməlidir. Rəqabət mühiti daha da gücləndirilərsə, qeyri-neft sektoru üzrə inkişaf sürəti artacaq və süni qiymət artımının qarşısı alınacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə