Robert Dadli: “Əsrin müqaviləsi” Azərbaycanın dünyada böyüyən rolunu daha da artırıb

“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesinin böyük dirçəlişinə təkan verib, ölkənin dünyada yüksək strateji enerji təchizatçısı kimi böyüyən rolunu daha da artırıb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, bu sözləri BP şirkətinin baş icraçı direktoru Robert Dadli “Əsrin müqaviləsi”nin 25 illiyi münasibətilə şirkətin prezidenti Rövnəq Abullayevə ünvanladığı təbrik məktubunda deyib.

BP və onun heyəti adından SOCAR-ın və onun tabeliyindəki qurumların əməkdaşlarını, habelə Azərbaycanın neft-qaz sənayesində işləyən bütün işçiləri peşə bayramı və “Əsrin müqaviləsi” kimi tanınan “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə hasilatın pay bölgüsü haqqında sazişin imzalanmasının 25-ci ildönümü münasibətilə təbrik edən BP-nin baş icraçı direktoru deyib: “Təsadüfi deyil ki, “Əsrin müqaviləsi”nin imzalandığı tarix Azərbaycanda “Neftçilər Günü” kimi qeyd edilir. AÇG 100 il bundan əvvəl dünyada ilk dəfə qazma işi aparmış və qabaqcıl mövqedə olmuş Azərbaycanın neft sənayesinin böyük dirçəlişinə təkan verib, ölkənin dünyada yüksək strateji enerji təchizatçısı kimi böyüyən rolunu daha da artırıb. Biz müasir texnologiyalar, beynəlxalq təcrübə və digər mövcud resurslar təklif etməklə AÇG üzrə uzunmüddətli imkanların açılmasında SOCAR ilə tərəfdaşlıq etməkdən qürur duyuruq”.

“AÇG tərəfdaşları arasında 25 illik uğurlu əməkdaşlıq göstərdi ki, xarici neft şirkətləri SOCAR ilə birlikdə işləyərək dəniz hasilatı platformalarını, sualtı boru kəmərlərini, quruda saxlama və beynəlxalq bazarlara ixrac sistemlərini əhatə edən dünya səviyyəli layihələri həyata keçirmək əzmindədir. Bütün bunlar investorların inamını artırdı və beynəlxalq aləmdə Azərbaycanı biznesin uğurla həyata keçirilə biləcəyi ölkə kimi tanıdıb. Biz SOCAR-ın etibarlı və sabit tərəfdaşı olmaqdan qürur duyuruq və hazırkı əməliyyatlarımızın və kəşfiyyat layihələrimizin təhlükəsiz və səmərəli şəkildə idarə olunmasını davam etdirəcəyik. Peşə bayramınız və “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının tərəqqisi naminə yeni nəsil neft mütəxəssislərinin yetişdirilməsində uğurlar arzulayıram. Məhsuldar və uğurlu tərəfdaşlığımızın davam edəcəyinə ümid edirəm”, - deyə R.Dadli bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə