Azərbaycanın investisiya layihələrinə həsr olunmuş toplantı keçirilib

Azərbaycanın investisiya layihələrinə həsr olunmuş toplantı keçirilib

Bu gün Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun Azərbaycanın investisiya layihələrinə həsr olunmuş toplantısı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə klubun prezidenti Telman Əliyev, Dünya və Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndələri, o cümlədən xarici ölkələrin ölkəmizdəki səfirləri iştirak edib.

 

İlk olaraq Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun prezidenti və baş icraçı direktoru T.Əliyev çıxış edib və qonaqları təqdim edib. Tədbirin Xəzər-Avropa İnvestisiya Klubu çərçivəsində keçirildiyini deyən T.Əliyev bildirib ki, Klub tanınmış neft-qaz şirkətləri tərəfindən yaradılıb. O, qeyd edib ki, 2002-ci ildə klubun üzvlərin sayı 16 olsa da, indi dünyanın 50 ölkəsindən olan 500-dən artıq şirkəti təşkilat ətrafında birləşdirir. T.Əliyev klubun əsas məqsədlərindən birinin də kiçik və orta biznesin, ekoloji və alternativ enerji layihələrin inkişafı, dövlət ilə biznesin arasında ünsiyyətin yaradılması olduğunu ifadə edib.

 

Klub prezidenti bildirib ki, təşkilata daxil olan şirkətlərin təmsilçiləri bir sıra dövlət başçıları ilə görüşlər keçirib. T.Əliyev qeyd edib ki, gələn həftə Latviyanın prezidenti və baş naziri klubun İdarə Heyətini qəbul edəcək: "Ötən il Tatarıstan və Qazaxıstanda olduq və orada hökumət nümayəndələri ilə görüşdük. Həmçinin bir sıra şirkət rəhbərləri ilə işgüzar müzakirələr apardıq".

 

Daha sonra Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı daimi nümayəndəliyinin direktoru Olli Noroyono çıxış edib. O, bildirib ki, bank 67 ölkə ilə əməkdaşlıq edir və bankın dünya üzrə 30 ofisindən biri də Azərbaycandadır. AİB-in rəhbəri qeyd edib ki, maliyyə təşkilatın əsas məqsədi Asiya və Sakit okean hövzəsi ölkələrində yoxsulluğa qarşı mübarizə, eləcə də iqtisadi inkişafı təmin etməkdir. Bank rəhbəri 2009-cu ildə bütün dünya üzrə 92 layihəyə ümumilkdə 13 milyarddan çox kredit verildiyini diqqətə çatdırıb. O.Noroyono indiyə kimi Azərbaycana 600-700 milyon dollar kredit ayırdığını deyib. Bank rəhbəri Azərbaycana 1999-2009-cu illər arasında 11,5 milyon dollar texniki yardım göstərildiyini vurğulayıb. O, qeyd edib ki, qarşıdakı illərdə Azərbaycanın nəqliyyat, şəhər xidməti və enerji sahələrinə daha çox yardım ayırmağı planlaşdırır.

 

Tədbirdə çıxış edən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Cozef Quen bankın 186 üzvünün, onlardan 24-nün isə daimi üzv olduğunu bildirib. O, qeyd edib ki, bankı dünyanın bütün kapital bazarlarına kredit verir. Dünya Bankının rəhbəri 1992-ci ildə Azərbaycanın cəmi 12 milyon dollar valyita ehtiyatının olduğunu və buna görə də Dünya Bankından çox az vəsait aldığını deyib. C.Quen qeyd edib ki, hazırda 30 milyard dollar valyuta ehtiyatı olan Azərbaycanın xarici yardımlara bir o qədər ehtiyacı yoxdur.

 

Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Nail Zaripova çıxışında Tatarıstanın iqtisadi imkanlarından danışıb. O, söyləyib ki, Tatarıstan və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş potensial var.

 

Çıxışlardan sonra O.Noroyono, C.Quen, N.Zaripov və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Azərbaycan üzrə ölkə direktoru Henning Tventenaya Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun fəxri üzvü sertifikatı təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə